Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda 2 günlük səfərdə oldu. Uzun illər münasibətlərin soyuq olduğu rəsmi Aşqabad–Bakı xəttində bu səfər hansı mesajlar ötürüldü?
Azərbaycan Prezidenti İlham Əliyev ilk görüşdən sonra mediaya açıqlamasında nəqliyyat və energetika sahələrində gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirdi. Berdiməhəmmədov isə səfərinin əsas məqsədinin ikitərəfli münasibətləri daha da dərinləşdirmək, artıq əldə olunmuş nailiyyətləri möhkəmləndirmək və yeni layihə və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul vermək olduğunu qeyd etdi.
Ümumiyyətlə, bu iki ölkə arasında “buzların əriməsi” Rusiya–Ukrayna müharibəsi fonunda, eləcə də İran üzərindən keçən nəqliyyat dəhlizləri ilə bağlı yaranan risklərdən sonra sürətlənməyə başladı. Azərbaycan və Türkmənistanı birləşdirən əsas maraqlardan biri Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsində birgə iştirakdır. Avropanın Orta Dəhlizə artan marağı, həmçinin Şərqdən Qərbə logistika və nəqliyyat xəttinin əsas iştirakçıları arasında yer alan Azərbaycan və Türkmənistanın rolunun böyüməsi iki ölkəni bir-birinə daha da yaxınlaşdırdı. Xəzərin hüquqi statusu və enerji resurslarının bölüşdürülməsi ətrafında uzun illər davam edən fikir ayrılıqları 2021-ci ildə qismən həll yoluna düşməyə başladı. Belə ki, “Dostluq” yatağına dair Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı güzəştlər əldə olundu.
Elə həmin il Azərbaycan və İran prezidentləri arasında imzalanan “İran İslam Respublikasının ərazisindən təbii qaz tranzitinin şərtlərini müəyyən edən” Saziş əsasında Türkmənistan qazının İran üzərindən svop satışına başlanıldı. Nəticədə 2022-ci ildən etibarən Türkmənistan qazının İran vasitəsilə svop mexanizmi ilə Azərbaycana, buradan isə Avropa bazarlarına çıxarılması prosesi işə düşdü.
Azərbaycan–Türkmənistan arasında ticarət əlaqələrinin Rusiya–Ukrayna müharibəsinədək yüksək səviyyədə qurulduğunu deyə bilmərik. 2021-ci ilə qədər iki ölkə arasında illik ticarət dövriyyəsi təxminən 200 milyon ABŞ dolları civarında dəyişib. Məsələn, 2021-ci ildə Azərbaycan–Türkmənistan ticarət dövriyyəsi 105 milyon ABŞ dolları olub; bunun 70,7 milyon ABŞ dolları Türkmənistandan idxalın, 34,3 milyon ABŞ dolları isə Azərbaycandan ixracın payına düşüb. Tədarük olunan malların çeşidinə ərzaq, qeyri-ərzaq məhsulları və neft məhsulları daxildir.
2021-ci ildə Aşqabadda imzalanmış üçtərəfli (Azərbaycan–İran–Türkmənistan) qaz “svop” sazişinə uyğun olaraq Türkmənistan qazının tədarükü iki ölkə arasındakı ticarət dövriyyəsini təqribən 5 dəfə artırdı. Belə ki, 2022-ci ildə ticarət dövriyyəsi 535,1 milyon, 2023-cü ildə isə 774 milyon ABŞ dolları səviyyəsinə yüksəldi. Bu artımın əsas drayveri məhz qaz tədarükünün başlaması idi.
“Statkom”a görə, 2022-ci ildə Türkmənistandan Azərbaycana 857 milyon m³ (110,8 milyon dollarlıq), 2023-cü ildə isə 1,5 milyard m³ (218,2 milyon dollarlıq) təbii qaz idxal olunub. Svop sazişinə əsasən bu həcm 3–4 milyard m³-ə qədər artırılmalı idi. Lakin hökumət mediasının yazdıqlarına görə, qeyri-müəyyən səbəblərdən 2024-cü ildən etibarən Türkmənistanın Azərbaycana İran vasitəsilə qazın svop tədarükünü dayandırdığı bildirilir. Bu proses ticarət dövriyyəsinə də ciddi təsir göstərib. Belə ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib; bunun 80,2 milyon ABŞ dolları Azərbaycanın ixracı, 303,5 milyon ABŞ dolları isə Türkmənistandan idxalın payına düşüb. Nəticədə ticarət dövriyyəsində təxminən 2 dəfə azalma müşahidə olunur.
Cari ilin ilk beş ayında Azərbaycan–Türkmənistan xarici ticarət dövriyyəsi 118,5 milyon ABŞ dolları təşkil edib. Qeyd etdiyimiz ki, qaz tədarükünün azalması bu göstəriciyə əhəmiyyətli təsir göstərib. Belə ki, Aşqabad Azərbaycana 2024-cü ildə 405 milyon m³, 2025-ci ilin ilk beş ayında isə cəmi 174,4 milyon m³ təbii qaz tədarük edib.
Hökumət mediasının məlumatına görə, qaz həcminin artırılması Bakı ilə Aşqabad arasında yeni razılaşmanın əldə olunmasından sonra mümkün ola bilər.
Bu baxımdan Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri sözügedən məsələlərin həllində hansı rol oynaya bilər?
Siyasi şərhçi Rauf Mirqədirov görüşdə əldə oluna biləcək razılaşmaları şərh edərkən bildirib ki, Türkmənistan qazının Avropaya ötürülməsi üçün iki istiqamət mövcuddur. Onlardan biri İran üzərindən svop razılaşması əsasında, digəri isə Transxəzər layihəsi çərçivəsində Xəzər dənizindən keçəcək qaz kəməridir.

“Enerji resurslarının ötürülməsi üçün iki istiqamət var. Birincisi, İran üzərindən həyata keçirilən əvəzləmədir. Bu, Azərbaycanın öz qazının bir hissəsini azad edir və həmin hissə Avropa və Türkiyəyə ixrac olunur. Lakin bu istiqamətin özünəməxsus problemləri var. Burada həm İran amili, həm də qiymətlərlə bağlı çətinliklər mövcuddur. Qiymətlər məsələsinə dair detallı izahı mütəxəssislər daha yaxşı verə bilərlər. Geniş mənada isə Türkmənistan qazının Avropa bazarına çıxarılması məsələsi durur. İdxal məsələsi Orta Dəhliz çərçivəsində həllini tapmalıdır”, – deyə siyasi şərhçi vurğulayıb.
Onun sözlərinə görə, Türkmənistan qazının Avropa bazarına çıxarılması üçün Xəzərdən qaz kəmərləri çəkilməlidir:
“Bu məsələnin həlli çox problematikdir. Rusiya və İran Xəzər dənizindən qaz kəmərlərinin çəkilməsinin əleyhinədir. Digər tərəfdən, Avropa maliyyə institutlarının Avropa şirkətlərinə boru kəmərləri vasitəsilə qaz idxalı layihələrinə dair qadağaları və məhdudiyyətləri var. Azərbaycan isə həmin qaz kəmərlərinin birbaşa maliyyələşdirilməsində və Rusiya ilə razılığın əldə olunması prosesində iştirak etmək istəmir. Bakı bildirir ki, bu kimi məsələlər əvvəlcə razılaşdırılsın; bizim ərazi tranzit kimi istifadə oluna bilər. Bu, daha çox geosiyasi problemdir və onun həlli Azərbaycan və Türkmənistandan asılı deyil”.
“Bu yaxınlarda Orta Dəhlizlə bağlı Avropa Birliyi və Orta Asiya respublikalarının sammiti keçirilib. Söhbət geniş mənada bir layihədən gedir. Buraya hava, su və quru nəqliyyat marşrutlarının, eləcə də neft və qaz kəmərlərinin keçdiyi Orta Dəhliz daxildir. Cənub Dəhlizi İran və Yaxın Şərqin qaynar nöqtələri səbəbilə tez-tez bağlanır, sabit deyil. Şimal Dəhlizi isə Rusiya ilə bağlı səbəblərdən faktiki olaraq bağlıdır. Ona görə də Orta Dəhliz nisbətən daha sabit fəaliyyət göstərən marşrutdur. Türkmənistan Orta Asiyada ən böyük qaz ehtiyatlarına malik dövlətdir. Bu baxımdan bölgə Avropanın marağında olan bölgə olsa da, çoxlu problemləri də mövcuddur. Həmin problemlərə dair hansısa razılaşmanın təkcə ikitərəfli (Azərbaycan və Türkmənistan – red.) formatda əldə olunması real görünmür. Amma hər bir halda məsləhətləşmələr aparılır”, – deyə Mirqədirov vurğulayıb.
Politoloqun qənaətincə, indiki görüşdə İran üzərindən qaz mübadiləsinə dair müəyyən razılaşmalar əldə oluna bilər. Lakin Rauf Mirqədirova görə, İran üzərindən böyük həcmdə qaz tədarükünün həyata keçirilməsi real deyil:
“İranın hazırda ciddi problemləri var. Əslində, üç ölkə (Azərbaycan, İran, Türkmənistan) arasında belə bir razılaşma artıq mövcuddur və hazırda da fəaliyyət göstərir. Mövcud qaz həcmi Türkmənistan və İran üçün böyük göstərici deyil. Azərbaycan üçün isə müəyyən həcmdir və ixrac imkanlarını bir qədər artırır, amma balansı dəyişdirə biləcək səviyyədə deyil. Bununla yanaşı, geosiyasi problemlər qalmaqdadır. Rusiya, ümumiyyətlə, postsovet məkanında onların nəzarətindən kənar istənilən neft və qaz nəqlinin tam əleyhinədir və belə layihələrin qarşısını almağa çalışır. Rusiya əvvəllər Türkmənistandan böyük həcmdə qaz idxal edirdi, amma indi vəziyyət dəyişib. Xüsusilə, qarşıda sanksiyalar gəlir. ABŞ ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər ki, bu da Rusiya ilə ticarət edən dövlətlərə şamil olunacaq. Belə olan halda, həmin ölkələr Rusiya ilə ticarət əlaqələrinə yenidən baxmalı olacaq və başqa bazarlar axtaracaqlar. Bu baxımdan vəziyyət son dərəcə dəyişkəndir.”
Politoloq hesab edir, nəzəri olaraq qazın dəniz yolu ilə, tankerlərlə daşınması mümkündür:
“Amma nə Azərbaycanda, nə də Türkmənistanda qazı maye halına gətirmək üçün texnologiya mövcuddur. Həmçinin bu məqsədlə xüsusi tankerlər də lazımdır. Buna görə də hazırkı mərhələdə effektiv variant yalnız qaz kəmərləridir.”
Mirqədirov Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində ciddi qərarların qəbul ediləcəyini gözləmir:
“Çünki belə qərarları qəbul etmək üçün bu ölkələrin nə geosiyasi imkanları, nə texnologiyaları, nə də resursları var. Bu tipli addımlar yalnız daha geniş koalisiya çərçivəsində mümkündür.”