Rusiyanın “Embraer E190” təyyarəsinə görə ödəyəcəyi məbləğ bir neçə raket qiyməti qədərdir
“Təəssüf ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardırlar. Onlar da gözəl bilirlər ki, nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi – etiraf etmək, öz günahlarını etiraf etsinlər.
Bizim təyyarəni vuranlar cəzalandırılsın və təzminat ödənilsin ailələrə. Qurbanların və yaralıların ailəsinə, AZAL-ın təyyarəsinə də görə təzminat ödənilməlidir”. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı suala cavabında belə deyib.
Prezident bildirib ki, artıq yeddi ay keçməsinə baxmayaraq, rəsmi Moskva bu məsələ ilə bağlı Azərbaycana heç bir konkret cavab verməyib:“Baş prokurorumuz Rusiya İstintaq Komitəsinin rəhbərinə mütəmadi məktublar göndərir. Amma cavab sadəcə budur: ‘İstintaq davam edir”.
Dövlət başçısı bu vəziyyəti qəbuledilməz adlandıraraq bildirib ki, Azərbaycan bu prosesi unutmur və unutmayacaq: “Bu o demək deyil ki, biz bunu unuduruq. Xeyr. Biz unutmuruq və unudası deyilik”.
Prezident həmçinin bəyan edib ki, Azərbaycan beynəlxalq hüquq sisteminə müraciət etməyə hazırlaşır və bu istiqamətdə artıq Rusiya tərəfinə də rəsmi məlumat verilib:“Biz hazırda beynəlxalq məhkəməyə təqdim ediləcək hüquqi portfeli hazırlayırıq. Rusiya tərəfini də bu barədə məlumatlandırmışıq. Bilirik ki, bu proses vaxt ala bilər. Malayziya hadisəsinin ədalətinə 10 il sərf olundu. Biz də 10 il gözləməyə hazırıq. Amma ədalət bərpa olunmalıdır”.
Qeyd edək ki, Varşava (1929) və Monreal Konvensiyaları sərnişinin ölümü, və ya xəsarət alması hallarında daşıyıcının (həmçinin üçüncü şəxslərin) maliyyə məsuliyyətini müəyyən edir. Monreal Konvensiyasını 140 dövlət, o cümlədən Azərbaycan və Rusiya ratifikasiya edib. Monreal Konvensiyası inflyasiyadan asılı olaraq zərərin məbləğini indeksləşdirməyə imkan verir. Monreal Konvensiyasına əsasən, indi ölüm halında təxminən 190 min dollar, yaralanma və xəsarət olarsa 167 min dollar məbləğində kompensasiya verilir.Kompensasiya ödənilərkən daxili uçuşlar və beynəlxalq uçuşlar arasında fərq var. Məsələn, Rusiyada daxili uçuşlar zamanı bir sərnişinin ölümü halında təxminən 2 milyon rubl məbləğində kompensasiya müəyyən edilib.
Mülki aviasiya tarixində ən böyük təzminatı isə illər sonra Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafi ödəməyib. O, 15 il sonra etiraf edib ki, 1988-ci ilin dekabrında “Boeing 747”-nin göyərtəsində baş verən partlayış (270 nəfər həlak olmuşdu) Liviya kəşfiyyat xidmətləri tərəfindən terror hücumu olub. Bu qəzanın qurbanlarının hər birinin ailəsinə 10 milyon dollar verilib.
“Azərbaycan Hava Yolları”na məxsus “Embraer E190” təyyarəsinin qiyməti vəziyyətindən, uçuş saatlarının sayından, texniki xüsusiyyətlərindən asılı olaraq 15 milyon dollardan 45 milyon dollara qədər ola bilər. Yəni bu məbləğ Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi raketlərin bir neçəsinin toplam qiyməti qədərdir…