Hüquq müdafiəçisi: “Azərbaycanda məhkəmələr sifarişlə işlədiyi üçün həbsxanalarda məhbus sayı artır”

Hüquq müdafiəçisi: “Azərbaycanda məhkəmələr sifarişlə işlədiyi üçün həbsxanalarda məhbus sayı artır”

Azərbaycan məhkum sayına görə Avropa ölkələri arasında ikinci yerdədir. Ölkədə hər 100 min nəfərə 264 məhkum düşür.

Bu barədə Avropa Şurasının həbsxanalarla bağlı “2024 SPACE I” adlı illik hesabatında deyilir.

Bildirilir ki, 2023-2024-cü illər ərzində ölkədə məhkum sayı 8.3 faiz artıb. Bu göstəriciyə görə yalnız Türkiyə (356 məhkum) Azərbaycandan öndədir. Siyahıda Gürcüstan isə 261 məhkumla üçüncü yerdə qərarlaşıb.

Azərbaycan həm də həbsxanalarında sıxlıq problemi ilə üzləşən ölkələr sırasındadır.

Hesabatda bildirilir ki, hazırda ölkədə hər 100 yerə 103 məhkum düşür ki, bu da orta səviyyəli sıxlıq hesab olunur.

Hüquq müdafiəçisi Samir Kazımlı deyir ki, Azərbaycanda məhbusların sayının artması məhkəmələrin sifarişlə işləməsi ilə əlaqədardır:

“Məhkəmələr həm siyasi, həm də digər işlərdə ədalətli qərar vermirlər. Buna görə də istintaq orqanlarının təqdim etdiyi şəxslərin böyük əksəriyyəti həbsxanaya göndərilir. Nəticədə həbsxanalardakı məhbus sayı artır. Azərbaycanda həbslər cəzalandırma vasitəsi kimi istifadə olunur. Burada qisas alma və cəzalandırma mexanizmi mövcuddur, buna görə də həmişə belə metodlara əl atılır. Məhkumların sayının artması ilə həbsxanalarda sıxlıq yaranır və bu məsələ zaman-zaman ictimailəşdirilir”.

Hesabatda həmçinin qeyd olunur ki, 2023-cü il yanvarın 31-dən 2024-cü il yanvarın 31-dək Avropada hər 100 yerə düşən məhkum sayı 1.5% artaraq, 93.5-dən 94.9-a yüksəlib.

Ümumilikdə Avropa Şurasına üzv olan 51 ölkənin həbsxanalarında 1 milyon 21 min 431 nəfər məhkum saxlanılıb.

Bu isə qitə üzrə orta hesabla hər 100 min nəfərə 105 məhkum deməkdir.

Editor

Related Posts