Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Moskva Qarabağ erməniləri ilə təmasların qurulmasını istəmir – Zərdüşt Əlizadədən sərt açıqlama

Moskva Qarabağ erməniləri ilə təmasların qurulmasını istəmir – Zərdüşt Əlizadədən sərt açıqlama

Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində, mövcud olan qondarma rejimin daxilində maraqlı proseslər yaşanır.

Qeyd edək ki, qondarma rejimin təhlükəsizlik şurasının katibi Vitali Balasanyan öz vəzifəsindən azad edilib. Ermənistan KİV-ləri xəbər verir ki, onun yerinə Ararat Melkumyan təyin edilib.

Dekabrın sonunda Ermənistanın Hraparak qəzetində separatçıların dövlət katibi hesab olunan Ruben Vardanyanla Vitali Balasanyan arasında münasibətlərin daha da gərginləşməsi barədə məlumatlar dərc edilib.

Qəzet yazır ki, əvvələr Vitali Balasanyan ruslarla və azərbaycanlılarla danışıqların aparılmasında mühüm şəxs hesab olunurdu, lakin indi o, ikinci plana çəkilib.

Bundan əlavə, erməni nəşri yazır ki, separatçıların keçmiş lideri, Bako Saakyanın da Vardanyanın tərəfində mövqe tutub.

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə qeyd edib ki, qondarma rejimin rəhbəri Arayik Arutyunyan Rusiyanın təzyiqi altında Ruben Vardanyanı rejimin dövlət naziri vəzifəsinə təyin edib və əsas icraedici səlahiyyətləri ona ötürüb.

“Moskva görürdü ki, Qarabağın erməni icmasının liderləri Rusiyaya güvənmirlər. Onlar öz təhlükəsizliyinin təminatına və həyatlarının qorunmasına zəmanət almaq üçün Azərbaycan hakimiyyəti ilə təmaslar qurmağa başlamışdılar. Hər iki tərəf arasında gizli təmasları izləyən Rusiya rəhbərliyi çox yaxşı anlayırdı ki, bölgədə proseslər yalnız bu istiqamətdə inkişaf edə bilər, bunun başqa alternativi yoxdur. Əslində Moskva Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında barışığın bərqərar olunmasına doğru atılan addımlara müsbət yanaşmır. Ona görə də qondarma rejimdə köhnə əlaltılarını təmizləmək üçün Ruben Vardanyanı Qarabağa göndərib. Orada onu hakimiyyətdə yüksək vəzifədə əyləşdirib. O da Rusiyanın tapşırığı ilə hakimiyyəti köhnə ünsürlərdən təmizləməyə başlayıb, o cümlədən Qarabağ ermənilərinin adından danışmaq hüququnu da öz əlinə alıb. Sonda isə Vitali Balasanyanı vəzifədən uzaqlaşdırdı. Balasanyan Azərbaycanın dövlət qulluqçular ilə təmaslar qururdu, eləcə də bölgədə yaşayan yerli ermənilərin müəyyən problemlərini Azərbaycan vasitəsi ilə həll edirdi. Bu da Vardanyanın xoşuna gəlmirdi”.

Azərbaycan ilə təmaslarda Vitali Balasanyanın əsas faktor olmasına gəlincə isə Z.Əlizadə bildirib ki, Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələlərin həll edilməsi yalnız Bakının iqtidarındadır.

“Moskva Ruben Vardanyan vasitəsilə bölgədə öz istəklərini həyata keçirməyə çalışır. Azərbaycan da Vardanyanı qəbul etmək istəmir. Bakı çox yaxşı bilir ki, Qarabağda kiminlə danışmaq lazımdır. Onsuzda proseslərin inkişafı məcrasında Qarabağ ermənilərinin həqiqi nümayindəsi üzə çıxacaq”.

Ermənistan mətbuatında Ruben Vardanyanın Bakı və İrəvan üçün ortaq təhdidlər yaratması ilə bağlı fikirlərlə razılaşmayan politoloq vurğulayıb ki, Vardanyanın əlində heç bir təsiredici vasitə yoxdur.

“Vardanyan hələ ki heç bir təhlükə törətmir, çünki bütün siyasi kartlar Bakının əlindədir. Ermənistan onsuz da Vardanyanı qəbul eləmir. Bəli, Vardanyan öz maliyyəsi vasitəsilə bu ölkədə xeyriyyəçilik işləri məşğul olub, kifayyət qədər investiya yatırmaqla öz adına şöhrət qazandırmağa çalışıb. Amma Nikol Paşinyanın erməni xalqı qarşısında şan-şöhrəti Vardanyana olan hörmətdən qat-qat üstündür. Paşinyan həqiqətən erməni xalqının ümid yeridir. Azərbaycan Vardanyanı tanımayınca o, Qarabağda fərdi insan kimi qalacaq”.

Z.Əlizadə həmçinin Ermənistanda Ruben Vardanyanın Paşinyan hakimiyyətinə rəqib olmaq ehtimalı ilə bağlı erməni mənbələrinin fikirlərini əsassız hesab edib.

Ruben Vardanyan Ermənistanın ictimaiyyətində nüfuz və vəzn qazanmaq üçün böyük uğurlar əldə etməlidir. Qarabağda ermənilər Vardanyandan Laçın yolunun açılmasını, onların gündəlik ərzaqla və dərmanla təmin olunmasını, o cümlədən onların təhükəsizliyinə zəmanət durmağı tələb edirlər. Lakin Vardanyan bütün bu problemlərin həll edilməsində xırda bir addım ata bilmir və uğursuzluğa düçar olub. Belə olan halda o, Ermənistanda ictimaiyyətin hörmətini necə qazana bilər? Necə Paşinyana rəqib ola bilər? Əlbəttə ki, yox. Birinci Qarabağ müharibəsindən sui-istifadə edib hakimiyyətdə 20 il oturan Koçaryan və Sarkiyan erməni xalqının hörmətini itiribsə, ölkədə heç bir zərrə qədər nüfuzu olmayan Vardanyanın Ermənistanın rəhbəri olması qeyri-mümkündür”.

Qeyd edək ki, Vitali Balasanyan hələ Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın milli qəhramanı Allahverdi Bağırovla olan şəxsi əlaqələrinə görə bir sıra əsir və canlı itki mübadiləsini həyata keçirib.

44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan ekologiya qrupunun Sərsəng Su anbarına müşahidə edilməsində, bununla yanaşı Laçın şəhərinin və ətraf kəndlərinin Azərbaycana təhvil verilməsində məhz Vitali Balasanyan iştirak edibdir.

Editor

Related Posts