Almaniyanın Münhen şəhər məhkəməsi keçmiş Bundestaq üzvü Eduard Lintneri Azərbaycan hakimiyyəti adından almaniyalı məmurlara rüşvət vermək ittihamı ilə doqquz ay şərti həbs cəzasına məhkum edib.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin (“OCCRP”) xəbərinə görə, bununla, o, Almaniya tarixində belə bir cinayətdə təqsirli bilinən ilk qanunverici olub.
80 yaşlı Lintner məhkəmədə özünü təqsirli bilməyib və altı ay davam edən proses boyunca özünü “Azərbaycanın dəstəklənməsini şərəfli motivlərlə həyata keçirən qanuni lobbiçi” kimi təqdim edib.
Lakin, iyulun 30-da Münhen Ali Regional Məhkəməsi onun digər siyasətçilərə ötürdüyü ödənişlərin əslində rüşvət olduğuna qərar verib.
Bundestaqda 33 il deputat olmuş Lintner 2017-ci ildə “OCCRP” və media tərəfdaşları tərəfindən ifşa edilən “Azərbaycanın pulyuyan maşını” adlı alver sxemində adı hallanan şəxslərdən biri idi.
Hesabatda göstərilirdi ki, Azərbaycanın hakim elitası 2,9 milyard dollarlıq gizli fond vasitəsilə avropalı siyasətçilərə rüşvət ödəyərək ölkənin imicini yaxşılaşdırmağa çalışırdı.
Məhkəmənin mətbuata açıqlamasına görə, digər bir qərar 2021-ci ildə vəfat etmiş keçmiş Bundestaq üzvü Karin Strenzin həyat yoldaşından 111,330 avro vəsaitin geri alınması ilə bağlıdır. Məhkəmə müəyyən edib ki, Strenz həm Lintnerdən, həm də Azərbaycan rəsmilərindən Bakının maraqlarını Avropa Şurası Parlament Assambleyasında təşviq etmək üçün rüşvət alıb.
“Transparency International” təşkilatının baş direktoru Maíra Martini mətbuata açıqlamasında hökmü alqışlayıb.
““Azərbaycan pulyuyan maşını” sxemi ilə əlaqəsi olan digər ölkələrin hakimiyyət orqanları Almaniyanın nümunəsini izləməli və rüşvət alan, repressiyaları təmizə çıxarmağa kömək edən şəxslərin məsuliyyətdən yayınmamasını təmin etmək üçün tədbirlər görməlidirlər”, – o deyib.