Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Brilliant Dadaşova:”İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar”

Brilliant Dadaşova:”İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar”

“Bəzən mənə yaxınlarım deyirlər ki, “sən qarışma, danışma”. Mən danışmayım, sən danışmayasan, yaxşı bəs kim danışsın?! Biz mədəni irsimizə, musiqimizə sahib çıxmalıyıq. Musiqinin professionalları danışmalıdır. Yeni-yeni səhnəyə çıxanda çox qorxurdum. O vaxt Tofiq Quliyev, Rafiq Babayev sağ idi. Öz-özümə fikirləşirdim ki, birdən düzgün oxumaram, mənə irad tutarlar. İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar. Meydan hamınındır, gəlib özlərini göstərsinlər. Amma klassik əsərlərimizə toxunmasınlar, necə lazımdırsa onları ifa etsinlər. Bizim estrada musiqimiz adı altında hər bir lazımlı-lazımsız notlar səslənir. Biz belə etməklə Cahangir Cahangirovun, Ramiz Mirişlinin, Fikrət Əmirovun ruhunu incitmiş olarıq”.

Birinci 24 xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Brilliant Dadaşova deyib.

“Mən oxumağa başlayanda böyük səhnədə artıq Rəşid Behbudov, Şövkət Ələkbərova, Akif İslamzadə, Elmira Rəhimova oxuyurdu. İlk dəfə Akif İslamzadə ilə birgə televiziyada “Bir dəfə yaşayırıq” duetini oxuduq. 1985-ci il idi. Səhəri gün məni universitetdə hamı tanıdı. 1989-cu ildə “Bayatılar” mahnısını oxudum. Buna görə də mənim üçün müğənni olmaq bir növ şərəf idi. İndi isə vəziyyət dəyişib. Musiqidən başı çıxan çox az adam qalıb. Həmkarlarımın arasında həqiqətən də qürur duymalı şəxslər var. Amma onların sayı çox azdır” deyə sənətkar bildirib.

Xalq artisti ümummmilli lider Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb.

“Müstəqilliyimizi qazanandan sonra ulu öndər Heydər Əliyev Azərbaycanın ilk “əməkdar artist” fəxri adını mənə vermişdi. Heydər Əliyevi biz heç vaxt unuda bilmərik. Yadımdadır, onun adına park açılırdı. Bizə tapşırmışdılar ki, siz oxuyun, o gəlib insanların içindən keçib gedəcək. Ulu öndərin səhnəyə çıxması planda yox idi. Səhnədə mən oxuyurdum. Bu anda heç kimə demədən, mühafizəsiz falan təkbaşına səhnəyə çıxdı. Hamı şokda idi. Səhnədə ən azı 15 balaca uşaq var idi. Heydər Əliyevin arxasında dayanıb, uşaqları çalışırdım ki, kənara çəkim, onun ayağını tapdalamasınlar. Birdən gözü mənə sataşdı. Dedi ki, “sən niyə arxamda dayanmısan?! Gəl, bura”. Gətirdi məni düz yanına. O bu qədər sadə bir insan idi” deyə sənətkar bildirib.

admin

Related Posts