Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

1000 km-lik sərhəddə atışma niyə həmişə Zod istiqamətində olur? – Şərh

1000 km-lik sərhəddə atışma niyə həmişə Zod istiqamətində olur? – Şərh

Azərbaycan-Ermənistan sərhədinin uzunluğu təxminən 1000 kilometrdir.

Bəzi yerlərdə sərhəd xətti kəndlərin ortasından keçir. Yəqin çoxunuz bilirsiniz, Qubadlı rayonu ilə sərhəddə Şurnuxu kəndi var. Küçənin bir tərəfində Azərbaycan əsgəri, digər tərəfdə erməni əsgəri dayanır. İndiyə kimi bu əsgərlər bir dəfə də olsun bir-birinə silah qaldırmayıb.

Amma, çox maraqlıdır ki, 1000 kilomerlik sərhəd xəttində atışmalar əksər hallarda eyni yerdə – Zod aşırımı ətrafında baş verir. Niyə bu cür atışmalar Qazaxda, Zəngilanda, Qubadlıda Zod aşırımı ilə müqaysidə daha az olur, ya da ümumiyyətlə olmur?   

Bu sualın cavabı ilə birbaşa əlaqəsi olub-olmadığını deyə bilmərəm, amma Ermənistan Vergi Xidmətinin açıqladığı bir məlumat diqqətimi cəlb etdi.

Deməli, Ermənistan Vergi Xidməti bu ilin ilk rübündə ən çox vergi ödəyən şirkətlərin siyahısını açıqlayıb. Zod qızıl mədənini istismar edən Rusiyanın “GeoProMining Gold” şirkəti 3 ayda cəmi 2 milyon dollar (768,5 milyon dram) vergi ödəyib və siyahıda 92-ci sırada yer alıb.

Müharibədən əvvəlki ildə – 2019-cu ilin 1-ci rübündə “GeoProMining Gold” Ermənistanın ən böyük 5-ci vergi ödəyicisi olub və 3 ay ərzində 11,1 milyon dollar (4,3 milyard dram) vergi ödəyib.

2020-ci ilin 1-ci rübündə 11-ci sırada olub və 7,2 milyon dollar (2,8 milyard dram) vergi ödəyib.

2021-ci ilin 1-ci rübündə Kəlbəcər rayonunun Azərbaycanın nəzarətinə keçməsindən sonra “GeoProMining Gold” yenə də ən böyük 5-ci vergi ödəyicisi olub və 9,8 milyon dollar (3,8 milyard dram) vergi ödəyib.

Amma, ötən ilin 1-ci rübündə vergi ödəməyib. İlin yekununda (12 ayda) isə 8,3 milyon dollar (3,2 milyard dram) vergi ödəyib və ən böyük vergi ödəyiciləri siyahısında 82-ci sıraya geriləyib.

Rəqəmlərdən açıq şəkildə görünür ki, son 2 ildə Zod qızıl mədəninin ödədiyi vergilər kəskin şəkildə aşağı düşüb.

Aydın məsələdir ki, vergilər gəlirlər aşağı düşdüyü üçün azalır və bu, o deməkdir ki, Zod qızıl mədəninin gəlirləri aşağı düşüb. Daha doğrusu, bu azalma Ermənistan Vergi Xidmətinə təqdim olunan rəsmi hesabatda belə görünür.

Bəs reallıqda necə, doğrudanmı Zod qızıl mədəninin gəlirləri azalıb. Yoxsa, yaranmış “fürsətdən” istifadə edib gəlirlərin gizlədilməsi və vergidən yayınma halları var?

Əlbəttə, bu barədə dəqiq heç nə demək mümkün deyil. Amma açıqlanan məlumatlar göstərir ki, Zod qızıl mədənini istismar edən Rusiyanın “GeoProMining Gold” şirkəti öz fəaliyyətini davam etdirir. Hətta Kəlbəcər rayonunun Azərbaycanın nəzarətinə keçməsindən sonrakı dövrdə – 2021-ci ilin 1-ci rübündə “GeoProMining Gold” yenə də ən böyük 5-ci vergi ödəyicisi olub.

Yayılan məlumatlardan belə görünür ki, mədəndə işlər yalnız atışma olan günlərdə dayandırılır. Son 2 ildə bu günləri üst-üstə yığsaq ümumilikdə heç bir ay etməz. Digər günlərdə mədənin işləməməsi üçün heç bir səbəb yoxdur.

O zaman istehsal olunan qızılı kim, necə və hara satır?

Qeyd etdiyim kimi, açıqlanan rəsmi məlumatlar Rusiyanın “GeoProMining Gold” şirkətinin şəffaf işləmədiyinə dair ciddi şübhələr yaradır.

Bu qeyri-şəffaf fəaliyyətdə “GeoProMining Gold”a yardım edənlər və bundan faydalananların olub-olmadığını söyləmək çətindir.

Lakin, yaranmış vəziyyət istər-istəməz aşğıdakı sulları doğurur:

Müharibədən məğlub ayrılmış erməni hərbi birləşmələri özündən qat-qat güclü olan Azərbaycan ordusunun mövqelərini atəşə tutmaq cəsarətini hardan alırlar? Bu cəsarətin qarşılığında onlara kimlər, nə vəd edir?

Həm Azərbaycan, həm də Ermənistan ərazisində rahat şəkildə fəaliyyət göstərən “GeoProMining Gold”a Rusiya sülhməramlıları necə “dəstək” olurlar?

Məlumat üçün bildirim ki, Zod qızıl mədəni 1976-cı ildən istismar olunur. Mədən əsasən qızıl və gümüş ehtiyatlarına malikdir. Ermənistan tərəfinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, Zod qızıl mədəninin yenidən qiymətləndirilmiş ehtiyatları 31 min 141 ton filizdir ki, bunun da 133,5 tonu qızıl və 175,6 tonu gümüşdür. 1996-cı ildən sonra qızıl mədənini “Hayoski” Dövlət Müəssisəsi ilə “Global Gold” şirkəti birgə istismar edib. Daha sonra “Global Gold” şirkəti öz payını Kanadanın “First Dynasty Mines” şirkətinə satıb. 2002-ci ildə Zod qızıl mədəninin tək sahibi Hindistanlı iş adamı Anil Agarval olub. Daha sonra Hindistanlı iş adamı mədəni Rusiyanın “GeoProMining Gold Company” şirkətinə satıb.

Editor

Related Posts