Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda türkiyəli iş adamları ilə növbəti işgüzar görüş keçirilib – FOTO

Naxçıvanda türkiyəli iş adamları ilə növbəti işgüzar görüş keçirilib – FOTO

Birinci 24 xəbər verir ki, “Naxçıvan Saray”da keçirilən görüşdə muxtar respublikanın iqtisadiyyat, kənd təsərrüfatı, turizm sahələri ilə bağı ətraflı məlumat verilib, türkiyəli sahibkarlarla əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.

Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli”dir. Bu əlamətdar ildə keçirilən silsilə tədbirlər sırasında Türkiyədən olan iş adamları ilə görüşün təşkili Naxçıvan üçün olduqca əhəmiyyətlidir. Tarixi ənənələrə sadiq qalan Azərbaycan və Türkiyə arasında bu gün həyatın bütün sahələrində o cümlədən, iqtisadiyyat, turizm, aqrar istiqamətlərdə mehriban dostuq, qardaşlıq prinsiplərinə əsaslanan əlaqələr inkişaf edir. Naxçıvan Muxtar Respublikası da ticarətdə, məhsul idxal-ixracında mərkəz rolunu oynamaqla bu əlaqələrin güclənməsinə töhfələr verir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verən nazir bildirib ki, proqramın əsas qayələrindən biri də sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla Naxçıvanı əsas sərmayə mərkəzinə çevirməkdir. Türkiyəli iş adamlarının Naxçıvana 3 günlük səfər çərçivəsində muxtar respublikanın bütün potensialı ilə yaxından tanış olmaları, sözsüz ki, yeni investisiyaların yatırılması baxımından təkan rolunu oynayacaq.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Xəyalə Dadaşova çıxışında muxtar respublikada kənd təsərrüfatı sahəsində qarşıya qoyulan hədəflərdən, aparılan aqrar islahatlardan və reallaşdırılacaq layihələrdən danışıb. Bildirib ki, ölkə başçısının siyasi iradəsi ilə Zəngəzur Dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu sahədə potensialı artacaq, türkiyəli iş adamları ilə əlaqələr daha da güclənəcək. Qarşıda duran əsas məqsəd suya qənaət etməklə, mütərəqqi metodlarla əkinlərdə, intensiv üsullarla heyvandarlıqda məhsuldarlığı artırmaq, orqanik məhsul istehsalını inkişaf etdirməkdir. Xəyalə Dadaşova türkiyəli investorları Naxçıvanda iş qurmağa, biznes sahələri yaratmağa dəvət edib.

Türkiyə Respublikası iş adamlarının heyət rəhbəri Ercan Dəmirçi işgüzar görüşə, yüksək qonaqpərvərliyə görə təşəkkür edib, Azərbaycan-Türkiyə qardaşlığından danışıb, Naxçıvan Muxtar Respublikasının ölkələrimizin bütün sahələrdə əlaqələrinin möhkəmləndirilməsində önəmli mövqeyə malik olduğunu bildirib. Vurğulanıb ki, türkiyəli iş adamlarının muxtar respublikaya səfəri Naxçıvanın iqtisadi imkanlarından səmərəli istifadə, ayrı-ayrı sahələr üzrə investisiya cəlbi baxımından olduqca önəmli rol oynayacaq.

Görüşdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov muxtar respublikanın turizm imkanları barədə məlumat verib, bu sahəyə investisiya qoyuluşunun vacibliyini önə çəkib.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov hər iki ölkənin iş adamlarının faydalı əməkdaşlıq münasibətlərindən söhbət açıb. Bildirib ki, türkiyəli həmkarları ilə səmərəli əməkdaşlıq mövcuddur və bu əlaqələr hər il daha da genişlənir. Naxçıvanda istehsal və xidmət sahələrinə xarici investisiya qoyuluşunda Türkiyə önəmli pay sahibidir. Vüqar Abbasov əminliyini bildirib ki, azad iqtisadi zonaya çevriləcək Naxçıvanda reallaşdırılacaq mühüm iqtisadi layihələrdə Türkiyə sahibkarları daha yaxından iştirak edəcək, qardaş ölkələrimizin əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəklər

Görüşdə digər çıxış edənlər muxtar respublikanın iqtisadiyyatı, kənd təsərrüfatı, turizm potensialı barədə təqdimatlar edib, ətraflı məlumatlar veriblər.

admin

Related Posts