Today Çərşənbə axşamı, 22nd Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakı küçələri su altında qalıb

Bakı küçələri su altında qalıb

Dünən səhər saatlarından başlayan, fasilələrlə davam edən leysan yağışlar Bakıda fəsadlar törədib. Paytaxtın mərkəzi yolları da daxil olmaqla əsasən Sabunçu, Suraxanı, Xəzər, Binəqədi, Yasamal rayonlarında küçələri su basıb. Fərdi yaşayış evləri, həyətyani sahələr su altında qalıb.

Sabunçu qəsəbəsində köməksiz vəziyyətdə qalanlar canlı yayım açaraq ən azından xəstələrin təxliyə olunması üçün çağırışlar ediblər. Yağış seli tunellərdə hərəkəti çətinləşdirib. Bəzi yeraltı keçidlərin qarşısına vətəndaşlar tərəfindən taxta parçaları, kərpiclər döşənib.

Gecə saatlarında Heydər Əliyev prospektində Bağırov körpüsünün altındakı tunelin yağış suları ilə dolması səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov su basan ərazilərə baş çəkib, tapşırıqlar verib.

Sabunçu ərazisindəki tuneldə minik avtomobillərinin qalması nəticəsində batanların olduğuna dair xəbərlər yayılıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binasında yağış suları tavandan içəri axıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü korpusunda isə yağış suları auditoriyadakı partaların üstünə tökülüb.

Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub. Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 156 ünvanında Kifayət Nuriyevaya məxsus ikimərtəbəli ev uçub. Yasamal Rayon İcra Hakimiyyəti qəzalı evin söküntü aparılan ərazidə yerləşdiyini açıqlayıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ev sahibini dağıntılar arasından xilas edib.

FHN-in daha bir məlumatında bildirilir ki, intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işlərinə cəlb olunub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi bildirilir:

“Tədbirlər çərçivəsində ümumilikdə 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda bir sıra ünvanlarda əməliyyat davam etdirilir”.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə sıxlıq olan və məhdudiyyət qoyulan yolların siyahısını açıqlayıb. Bildirilib ki, Qara Qarayev prospekti, mərkəz istiqamətində, Heydər Əliyev prospekti, əsas yol, Bakı Olimpiya Stadionunun qarşısından mərkəz istiqamətində, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti istiqamətində, Heydər Əliyev prospekti, əsas yol, Heydər Əliyev Mərkəzinin qarşısı, “Koroğlu” m/st istiqamətində, Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində, Babək prospekti, mərkəz istiqamətində, 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində, Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində, Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində, Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər, Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində, Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər, Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək. Oktyabrın 23-ü gündüz və 24-ü ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək“.

Editor

Related Posts