Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyan növbəti dəfə aclıq aksiyasına başlayıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, o, bu barədə fevralın 19-da ailəsi vasitəsilə yayılan bəyanatında bildirib.
“Bu, mənim beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavabımdır. Məhkəmə zalında baş verənlərə “məhkəmə” demək olmaz – bu, mənim ədalətli mühakimə hüququmun nümayişkaranə şəkildə gözardı olunduğu siyasi şoudur”, – Vardanyan deyib.
R.Vardanyan “hüquqi prosesin kobud şəkildə pozulması” ilə üzləşdiyini, nə ona, nə də vəkili Avraam Bermana cinayət işinin 422 cildi ilə tanış olmaq imkanı verildiyini bildirib: “Üstəlik, beynəlxalq hüquq qrupuma mənimlə əlaqə saxlamaq və ya mənimlə görüşmək qadağan edilib. Onların heç bir iş materialına çıxışı yox idi”.
Azad olunması tələbi ilə Vardanyan keçən ilin aprelində də aclıq aksiyası keçirmişdi. Amma Azərbaycanın müvafiq orqanları onun həyat yoldaşı Veronika Zonabendlə telefonla danışmasına icazə verdikdən sonra o, aksiyasını dayandırmışdı.