Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycana səfər edəcək.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altuna istinadən yayıb.
Məlumatda qeyd olunur ki, Ərdoğan Azərbaycana Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün gəlir. Bu, Ərdoğanın Azərbaycanda hava limanının açılışında ikinci iştirakı olacaq. O, 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib.
Ərdoğanla yanaşı görüşdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak edəcək.
Görüş çərçivəsində Türkiyə–Azərbaycan–Pakistan Üçtərəfli Zirvəsinin II iclasının keçirilməsi planlaşdırılır.
Məhəmməd Şahbaz Şərif artıq bu gün, mayın 27-də Azərbaycana gəlib. Onu Laçın Beynəlxalq Hava Limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.
Mayın 26-da Baş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq status verilməsi ilə bağlı sərəncam imzalayıb.