Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yaxın vaxtlarda fəaliyyətini dayandıracağı gözlənir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iyunun 17-də yayılan məlumatında bildirilir.
Vurğulanır ki, Komissiya (Azərbaycan Ermənistan münaqişəsi zamanı) əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib: “BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür…”.
Hələlik, bu məlumata BQXK-nın Azərbaycandakı nümayəndəliyindən münasibət almaq mümkün olmayıb.
Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində onlardan 3 min 984 şəxs itkin düşüb. Həmin şəxslərdən 1 min 702-i azad edilib. Komissiya İkinci Qarabağ müharibəsində isə itkinlərin sayını cəmi altı açıqlayıb.
Ermənistan Nazirlər Kabinetinin hesabatına görə isə, Birinci Qarabağ müharibəsi nəticəsində onlardan 777 nəfər itkin düşüb. Rəsmi İrəvanin vurğulamasına görə, 2020-ci ildə yenidən münaqişə gərginləşəndən sonra itkin düşənlərdən 215 Ermənistan və Qarabağdan olan erməni əsilli şəxsin taleyi naməlum olaraq qalır.
Ötən əsrin 80-ci illərində kəskinləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalar baş verib. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla Azərbaycan bütün ərazisində suverenliyini bərpa edib. Ondan sonra bölgədən erməni əhali köç edib. İrəvan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib, amma rəsmi Bakı bunu qəbul etməyib.