Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik fonunda ölkədə rusdilli məktəblərin bağlanması məsələsi yenidən ictimai müzakirəyə çıxarılıb.
Mövzuya münasibət bildirən siyasi şərhçi Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan müstəqil siyasətini davam etdirdiyi halda, Kreml ölkəmizdən vassal münasibəti gözləyir. Onun fikrincə, bu iki yanaşma paralel şəkildə mümkün deyil və yaranmış vəziyyət yeni reallıqlar formalaşdırır.
Elxan Şahinoğlu bildirib:
“Azərbaycan artıq qərarını verib. Bakıda ‘Rus evi’ bağlanıb, ‘Sputnik Azərbaycan’ agentliyinin fəaliyyəti məhdudlaşdırılıb. Polisin ofisdə keçirdiyi əməliyyat zamanı saxlanılanlar var. Halbuki, 6-7 ay əvvəl vəziyyət tam fərqli idi.”
Şahinoğlunun fikrincə, bu münasibətlərin dəyişməsinin əsas səbəbi Rusiyanın Azərbaycan mülki təyyarəsini vurması, nəticədə dinc insanların həlak olması və buna görə üzr, kompensasiya təqdim olunmamasıdır.
“Rusiya ilk addımı atdı, bizim mülki təyyarəmizi raketlə vurdu. Üzr istəmədilər, kompensasiya ödəmədilər, məsul şəxslər cəzalandırılmadı. Bu münasibətlərdə dönüş nöqtəsi oldu”, – o bildirib.
Siyasi şərhçi həmçinin Ermənistanın Rusiyadan uzaqlaşmaq cəhdinə də toxunub:
“Paşinyan hökuməti kilsə və Moskvaya bağlı biznes elitasına qarşı ciddi mübarizə aparır. Kreml isə açıq şəkildə Ermənistanın daxili işlərinə müdaxilə edir.”
Elxan Şahinoğluna görə, Azərbaycanın da suverenlik uğrunda mübarizəsi davam edir və bu çərçivədə rusdilli məktəblərin ölkədə mövcudluğu sual altına düşür:
“Bizə qarşı çirkin planlar həyata keçirən dövlətin dili niyə məmləkətimizdə təbliğ olunmalıdır?”
Son dövrlərdə Azərbaycanda rusdilli məktəblərin bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı çağırışlar güclənib. Bu çağırışların ictimai rəydə dəstəklənib-dəstəklənmədiyi və rəsmi qərara çevrilib-çevrilməyəcəyi isə hələlik açıq qalır.