“Seysmik baxımdan aktiv olan ərazilərdə müəyyən vaxtlarda hiss olunan və hiss olunmayan zəlzələlər baş verə bilər. Lakin bunu öncədən proqnozlaşdırmaq mümkün deyil”.
Birinci24 informasiya agentliyi Baku TV-yə istinadla xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri Vüsalə Rafiqqızı bildirib.
O qeyd edib ki, əgər ərazi seysmikdirsə, zəlzələ ola bilər:
“Bu, hiss olunan da ola bilər, olunmayan da. Sırf həmin ərazinin geoloji xarakteristikasına bağlı bir məsələdir”.
Vüsalə Rafiqqızı əlavə edib ki, ötən il bəzi şəxslər – istər tədqiqatçılar, istərsə də qeyri-peşəkar şəxslər – 2024-cü ilin dünyada seysmik baxımdan ən aktiv illərdən biri olacağını iddia edirdilər:
“Lakin mərkəzdə aparılan tədqiqatların nəticəsinə əsasən deyə bilərik ki, 2024-cü il Azərbaycanda seysmik baxımdan ən zəif illərdən biri oldu”.
Mətbuat katibinin görə, 2025-ci ilin 6 ayı ərzində dünya üzrə 6 minə yaxın zəlzələ qeydə alınıb ki, bunlardan 3 minə yaxını Azərbaycan və ona bitişik ərazilərdə baş verib:
“Onların cəmi 60-ı 3 və daha yüksək maqnitudada olub. Azərbaycan ərazisində isə bu müddət ərzində sadəcə 4 zəlzələ 4 bal gücündə qeydə alınıb”.