Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar.
Əvvəlcə, ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüş keçirib.
Daha sonra Tramp Azərbaycan Prezidenti ilə görüşüb.
Bundan sonra isə ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli görüş keçiriblər.
Görüşdə ABŞ Prezidenti Donald Tramp Azərbaycan ilə Ermənistan arasında davamlı sülhə çox əmin olduğunu bildirib.
“Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır”.
“Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirəcək”,- Tramp belə deyib.
Görüşdən sonra liderlər mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bizim strateji tərəfdaşlığımız başlayır.
“Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq”, – İlham Əliyev belə deyib.
O, həmçinin bildirib ki, bir neçə ay ərzində Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya hazırlanacaq.
Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Donald Trampa minnətdarlığını bildirib.
Tramp Əliyevdən neçə il hakimiyyətdə olduğunu soruşub, “22 il” cavabını eşidəndən sonra “bu o deməkdir ki, o, sərt və ağıllıdır” deyə vurğulayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı ikitərəfli münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur.
“Keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu mərhələ Prezident Trampın şəxsi iştirakı olmadan mümkün olmazdı”, – Ermənistanın Baş naziri bildirib.
Paşinyan çıxışında deyib ki, Prezident Tramp Nobel Sülh Mükafatına layiqdir, onun namizədliyini müdafiə edəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla birgə Nobel komitəsində ABŞ Prezidenti Donald Trampla bağlı müraciət etməyi təklif edib.
“Donald Tramp buna layiqdir. O, qısa bir zamanda uzun çəkən danışıqlar prosesini yekunlaşdıra bildi. Biz Ermənistan Baş naziri ilə birlikdə məktub yazıb, müraciət edə bilərik”, – İlham Əliyev deyib.
Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan anklavı ilə birləşdirəcək “Tramp marşrutu”nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.
O, Azərbaycana tətbiq olunmuş 907-ci düzəlişin ləğv olunduğunu qeyd edib.
Sonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezident Donald Tramp, Ermənistan Baş naziri Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıblar.