Azərbaycanda kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər bu gəlirlərə görə vergi ödəməlidirlər.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Qurumun açıqlamasına görə, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, əməkhaqqından başqa aktivlərin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur.
Məcəllənin 101.2-ci maddəsinə uyğun olaraq isə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.
Bu kateqoriyadan gəlir əldə edən fiziki şəxslər növbəti ilin martın 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni təqdim etməli və müvafiq vergini dövlət büdcəsinə ödəməlidirlər.
Kriptovalyutadan gəlirin əldə edildiyi vaxt isə onun təqdim olunduğu tarix hesab edilir. Bu zaman vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarix arasındakı qiymət artımı əsas götürülür.
Qeyd olunub ki, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər məcburi qaydada vergi orqanlarında uçota alınmalı və VÖEN əldə etməklə öz vergi öhdəliklərini icra etməlidirlər.