Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Akademiyada Milli Teatr Günü qeyd edilib

Akademiyada Milli Teatr Günü qeyd edilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının birgə təşkilatçılığı ilə “Azərbaycan Milli Teatrı – 150” və “Naxçıvan Teatrı – 140” mövzularında elmi konfrans keçirilib.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını diqqətə çatdırıb.

İsmayıl Hacıyev bildirib ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının yeni inkişaf yoluna çıxmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Teatrlara diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilib, teatr binaları yenidən qurulub.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Əməkdar artist Səməd Canbaxşıyev bildiriblər ki, bu gün muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı və Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Müstəqillik illərində Naxçıvan teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər də həyata keçirilib, monoqrafiya və kitablar nəşr olunub.

Vurğulanıb ki, milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə, uzun illər səmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli qərarı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilib. Bu qərar qocaman sənət ocağının uzunillik fəaliyyətinə göstərilən yüksək diqqətin, özünəməxsus ənənələri ilə Azərbaycan səhnə sənəti tarixində oynadığı rola verilən dəyərin təzahürüdür.

Qeyd olunub ki, son 15 ildə teatrda 30-dan artıq müxtəlif janrlarda hazırlanan tamaşalar teatrsevərlərə təqdim olunub. Hazırda 3 yeni tamaşa – ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Xilaskar”, “Lənkəran xanının vəziri” və “Cibimizdəki dəlilik” tamaşalarının məşqləri davam edir.

admin

Related Posts