Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Nazirliyin nümayəndələri Söyüdlüdə heç bir pozuntu tapmayıblar” – Qızıl şirkətinin rəhbəri

“Nazirliyin nümayəndələri Söyüdlüdə heç bir pozuntu tapmayıblar” – Qızıl şirkətinin rəhbəri

“Biz öz mədənçilik fəaliyyətimizi ən yüksək beynəlxalq standartlar əsasında aparırıq. Mən bundan artıq heç nə deyə bilmərəm. Monitorinq keçirmək istəyən varsa, gələ bilərlər. Ekologiya Nazirliyinin nümayəndələri orda olublar, yoxlayıblar və bildiriblər ki, heç bir pozuntuya yol verilməyib”.

Bunu Britaniyanın Azərbaycanda qızıl hasil edən “Anglo Asian Mining PLC” şirkətinin rəhbəri Rza Vəziri iyunun 26-da şirkətin Gədəbəy rayonundakı fəaliyyəti ilə bağlı tənqidlərə cavab olaraq Azadlıq Radiosuna deyib.

Məlumat üçün bildirək ki, iyunun 25-də Gədəbəy rayonunun Söyüdlü kəndindəki vəziyyətin araşdırılması ilə bağlı yaradılan dövlət komissiyasının ilkin toplantısı keçirilib. İclasda Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində aparılmış monitorinq və mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı ilkin nəticələr barədə Baş nazirə məlumat verib. Bildirilib ki, ərazidə ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır. Eyni zamanda, qeyd olunub ki, ərazidə fəaliyyət göstərən şirkətin imzalanmış sazişə əsasən öz üzərinə götürdüyü öhdəliklərə tam riayət etməsi tələb olunub. İclasda Söyüdlü kəndində aparılan monitorinqlərin və qiymətləndirmənin yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.

Söyüdlü kənd sakinlərinin sağlamlığının öyrənilməsilə bağlı səhiyyə orqanları tərəfindən tibbi müayinələr təşkil edilib. Bu məqsədlə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərlik tibbi heyəti kənddə olub. Gün ərzində müayinədən keçirilən 30 nəfərədək sakində xüsusi patologiyalar aşkar edilməyib.

Qeyd edək ki, iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinlərinin iddiasına görə, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar olub. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib. DİN isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb. Daha sonra kəndin girişində polis postunun qurulduğu bildirilib.

Hadisələrdən bir gün sonra, iyunun 21-də Söyüdlü ərazisindəki tullantıların yoxlanılması ilə bağlı baş nazirin sərəncamı ilə dövlət komissiyası yaradılıb.

Editor

Related Posts