Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Baş Gömrük İdarəsində 6 ayda görülmüş işlər müzakirə edilib 

Naxçıvan Baş Gömrük İdarəsində 6 ayda görülmüş işlər müzakirə edilib 

Birinci24 xəbər verir ki, xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarısı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.

İclasda Baş İdarə rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev qeyd edib ki, Ulu Öndərimizin 100 illik yubileyini qeyd edən ölkəmizdə bütün digər sahələrlə yanaşı, iqtisadi sahədə də aparılan uğurlu islahatlar, həyata keçirilən kompleks tədbirlər gömrük orqanlarını da əhatə edib, Dövlət Gömrük Komitəsi regionun ən nüfuzlu gömrük xidməti olmaq yolunda öz strateji hədəflərinə doğru inamla irəliləyib. Komitə rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq gömrük işi sahəsində dövlət siyasətinin Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilməsi üçün kompleks tədbirlər görülüb, gömrük işinin əsas istiqamətləri üzrə müsbət nəticələr əldə edilib.

Hədəfləmə və koordinasiya şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 2023-cü ilin birinci yarısı ərzində görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulanıb ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən qeydə alınan idxal əməliyyatlarının həcmi 67 milyon 804 min ABŞ dolları, ixrac əməliyyatlarının həcmi isə 7 milyon 936 min ABŞ dolları dəyərində olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 1,2 dəfə, ixracın həcmi isə 2,9 dəfə artıb.

Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 2023-cü ilin birinci yarısı ərzində 41 milyon 650 min manat məbləğində gömrük ödənişləri toplanılıb. Toplanılmış gömrük ödənişləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 milyon 632 min manat və ya 131 faiz artıq olub. 2023-cü ildə dövlət büdcəsinin formalaşdırılması üçün müəyyən olunmuş 53 milyon 278 min manata qarşı cari ilin birinci yarısı ərzində 36 milyon 22 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin olunub, illik proqnoz-tapşırıq 67,6 faiz yerinə yetirilib. 2023-cü ilin yanvar-iyun ayları ərzində toplanılmış vəsaitin 5 milyon 628 min manatı isə Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülüb.

Naxçıvan Baş Gömrük İdarəsi konsiqnasiya yolu ilə ixrac olunan mallardan yaranmış borcun geri qaytarılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirib. Ümumilikdə 8 milyon 976 min ABŞ dolları məbləğində borcun 99,7 faizinin hüquqi və fiziki şəxslərin müvəkkil bankdakı hesablarına köçürülməsi təmin olunub, qalıq borc 24 min 360 ABŞ dolları təşkil edib.

2023-cü ilin 6 ayı ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 40 cinayət faktı aşkarlanıb. Narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı ilə bağlı 26 cinayət işi açılıb. 2 halda qanunsuz olaraq ümumilikdə 51 ədəd tapança patronunun daşınması, 6 halda aksiz markası ilə markalanmalı olan malların belə markalanma olmadan idxal edilməsi, 4 halda xarici valyuta sərvətlərinin xaricdən qaytarılmaması, 2 halda dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin qanunsuz idxalı faktları aşkarlanıb. Narkotik qaçaqmalçılığı faktları üzrə ümumilikdə 568,5 kq heroin, 139 qram həşiş qətranı, 47 qram marixuana, 26 qram tiryək, 11 qram psixotrop maddələr, 110 qram güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 372 iş çox, yəni ümumilikdə 473 inzibati xarakterli hüquqpozma faktı aşkar edilb.

Rəqəmsal inzibatçılıq şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Emin Eylazov gömrük sistemində sturukturun və idarəetmənin təkmilləşdirilməsi istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən aparılan islahatlarla bağlı təqdimatla çıxış edib. Sonra gündəlikdə olan digər mövzular üzrə çıxışlar olub, müzakirələr aparılıb.

Baş idarə rəisi Vüqar Əliyev iclasa yekun vuraraq qeyd edib ki, 2023-cü ilin birinci yarısı ərzində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər son dövrdə gömrük orqanlarında aparılan islahatlarla birbaşa bağlıdır.

Vurğulanıb ki, “Heydər Əliyev İli”ndə ulu öndərimizin doğma diyarı Naxçıvanda gömrük işi sahəsində daha yüksək nəticələrin qazanılması, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması, ticarətin asanlaşdırılması, gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması, sahibkarlıq subyektlərinin, vətəndaşların və gömrük əməkdaşlarının məmnunluğunun artırılması, ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunması üçün bütün imkanlar səfərbər ediləcəkdir.

admin

Related Posts