Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Muxtar respublikada daha 39 ailənin özünüməşğulluğu təmin olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair bağlanmış memoranduma əsasən, sentyabr ayı ərzində 190 üzvü olan 39 ailənin özünüməşğulluğu təmin olunub.

Həmçinin təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər otdoğrayan aqreqatla təmin edilib. Özünüməşğulluğu təmin edilən ailələrin üzvlərindən 25 nəfərini sağlamlıq imkanları məhdud şəxslər, 5 nəfərini müharibə veteranı, 2 nəfərini şəhid ailəsi üzvü, 2 nəfərini cəzaçəkmədən azad olunan, 2 nəfərini ailə başçısını itirən, 2 nəfərini nikahı pozulan, digərlərini isə xüsusi qayğıya ehtiyacı olan digər şəxslər təşkil edib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, bu günədək 5658 üzvü olan 1215 ailənin özünüməşğulluğu təmin edilib, 673 ailəyə verilən aktivlər müqavilədə göstərilən müddət bitdiyi üçün akt əsasında onların mülkiyyətinə keçirilib. Son dövrlərdə bu prosesə muxtar respublikada fəaliyyət göstərən digər sahibkarlıq subyektləri, o cümlədən “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC də qoşulub.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında muxtar respublikada həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memorandum sözügedən kateqoriyadan olan ailələrin maddi rifah halının yüksəldilməsinə öz töhfəsini verir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev vurğulayıb ki, proqramın icrasında bir sıra kommersiya təşkilatları və sahibkarlıq subyektlərinin sosial tərəfdaş qismində iştirakı diqqət mərkəzində saxlanılır. Bu məqsədlə sosial qayğıya ehtiyacı olan 13 ailə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanmış memorandum çərçivəsində müvafiq aktivlərlə təmin olunub.

Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən və əldə olunan nəticələrdən danışıb.

Sonra yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını bildiriblər.

admin

Related Posts