Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

AMEA Naxçıvan Bölməsinin Təbii Sərvətlər Muzeyi istifadəyə verilib

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun nəzdində Təbii Sərvətlər Muzeyi istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 20 illik fəaliyyətinə nəzər salaraq bildirib ki, yaradılan müasir maddi-texniki baza, kollektivin əhatə olunduğu hərtərəfli dövlət qayğısı əhəmiyyətli tədqiqatların aparılması, fundamental nəşrlərin ərsəyə gətirilməsi üçün zəmin yaradıb.

Qeyd olunub ki, muxtar respublikanın qədim tarixinin, zəngin təbiətinin təbliği məqsədilə AMEA-nın Naxçıvan Bölməsində müxtəlif illərdə Arxeologiya və Etnoqrafiya, həmçinin Təbiət Muzeyi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tapşırığı əsasında yaradılan Təbii Sərvətlər Muzeyi də bu məqsədyönlü tədbirlərin davamıdır.

Bölmənin sədri bölgədə mədənçilik işinin inkişafı və filiz emalının tarixindən də bəhs edib, Naxçıvanın təbii sərvətləri barədə orta əsr mənbələrində yer alan məlumatları diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar, Təbii Ehtiyatlar institutları, Batabat Astrofizika Rəsədxanası üçün inzibati binalar tikilib və ya əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilib, laboratoriyalar və iş otaqları ilə təmin olunubdur. Nəticədə Bölmənin yüksək ixtisaslı əməkdaşları tərəfindən Naxçıvanın qədim və müasir dövr tarixi, ədəbi mühiti, folkloru, biomüxtəlifliyi, faydalı qazıntıları və digər bu kimi mühüm sahələri tədqiq edilərək öyrənilib və əldə olunan yeniliklər dünyanın nüfuzlu elmi jurnallarında işıqlandırılıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının ərazisində çoxsaylı faydalı qazıntı yataqlarının mövcudluğu belə bir muzeyin istifadəyə verilməsinə geniş imkan yaradılıb. Burada nümayiş olunan eksponatlar muxtar respublika ərazisinin nə qədər zəngin təbii ehtiyyatlara malik olmasının əyani sübutudur.

Emin Məmmədov AMEA Naxçıvan Bölməsində növbəti muzeyin – Təbii Sərvətlər Muzeyinin yaradılması münasibətilə bölmə əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev Naxçıvanın sahib olduğu zəngin təbii ehtiyatlar və onların istifadə perspektivlərindən danışıb. Professor institut əməkdaşları tərəfindən aparılan tədqiqatların, əldə olunan mühüm elmi nəticələrin bu sahəyə verdiyi töhfə və yeni istifadəyə verilən muzeyin muxtar respublikanın təbii sərvətləri ilə tanışlıq, ilkin təəssüratların formalaşması baxımından önəmini vurğulayıb.

Tədbirin davamında yeni yaradılan Təbii Sərvətlər Muzeyinin ekpozisiyası ilə tanışlıq olub.

Məlumat verilib ki, muzeyin əsas fəaliyyət istiqaməti muxtar respublikanın mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği və təşviqidir.

admin

Related Posts