Noyabrın 6-da Ukrayna dronları Xəzər dənizindəki Rusiya hərbi gəmilərinə hücum edib. Ukraynanın Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi sosial şəbəkələrdə hücumun görüntülərini yayaraq “zərbə zonasının” genişləndirildiyini, Kaspiyskdəki Rusiya Xəzər Donanmasının hədəf alındığını bildirib. Liman şəhəri olan Kaspiysk cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşir.
Ukrayna hökumətinin təqdim etdiyi videoların birində dronun hədəfə doğru enməsi anı görünür. Kadrların bəzi hissələrində atəş səsləri eşidilir. Bu, Rusiya hərbçilərinin hücumdan müdafiə olunduğunu göstərir.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Andriy Kovalenko gəmilərə hücumları təsdiqləyən əlavə görüntüləri “Teleqram”da paylaşıb. Ancaq “Business Insider” materialın orijinallığını dərhal təsdiqləyə bilmədiyini açıqlayıb.
Dağıstanın qubernatoru Sergey Melikov hava müdafiə sisteminin Xəzər dənizi üzərində bir dronu vurduğunu yazıb. Ukrayna ordusu xəbəri rəsmi olaraq təsdiqləməsə də, yerli media hücumun hərbi kəşfiyyat bölməsi HUR-un əməliyyatı olduğunu və Rusiyanın iki raket gəmisinin zədələndiyini iddia edir.
Bu hücum Qara dənizdə davamlı itkilər verən Rusiya donanması üçün daha bir zərbədir. Son aylarda Ukrayna bu ölkənin gəmilərini özünün istehsal etdiyi raketlər və dəniz dronlarıyla vurur.
Ukraynanın asimmetrik müharibə strategiyası son iki ildə Rusiyanı məcbur edib ki, Qara dəniz donanmasını Krım yarımadasından çıxarıb daha təhlükəsiz sularda yerləşdirsin.
ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərindən birinin sözlərinə görə, Ukrayna ən azı 32 orta və böyük Rusiya gəmisini sıradan çıxarmağa müvəffəq olub.
Ukrayna Rusiya ərazisindəki uzaq hədəflərə hücum etmək üçün də uzaq məsafəli zərbə qabiliyyətini inkişaf etdirməkdədir. Son həftələrdə Kiyev Rusiyanın mühüm hərbi obyektlərini, o cümlədən sursat anbarlarını və aerodromlarını vurmaq üçün yerli istehsal olan dronlardan istifadə edib.