İyulun 29-da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) konfransında İsrail-Fələstin münaqişəsinin bitməsinə hesablanan “Nyu-York Bəyannaməsi” təqdim olunub.
Münaqişənin iki dövlətli həll yolu ilə nizamlanmasına və Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının tərk-silah olmasına çağıran bəyanatı 17 ölkə, Ərəb Ölkələri Liqası və Avropa İttifaqının nümayəndələri dəstəkləyib.
Dəstək olanlar arasında Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya və Qətər də var.
Bəyanatda 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu qınanılır və qruplaşmadan bütün israilli girovları azad etmək, silahları yerə qoymaq və Qəzza üzərindəki hakimiyyətinə son qoymaq tələb olunur.
İki dövlətli həll variantına qarşı çıxan İsrail Baş naziri Benyamin Netanyahu bu konfransda iştirakı “təhlükəsizlik səbəblərinə görə” rədd edib. İsrailin yaxın müttəfiqi olan ABŞ də bu görüşü “səmərəsiz” adlandıraraq boykot edib.