Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Məhkəmədə Tofiq Yaqublu ilə hakim arasında mübahisə düşüb 

Məhkəmədə Tofiq Yaqublu ilə hakim arasında mübahisə düşüb 

Hakim: “Siz niyə belə qışqırırsız?”

Tofiq Yaqublu: “Mənə dəyən təpik sizə də dəysəydi, məndən bərk qışqırardız”. 

“Miqrant alveriylə məşğul olsaydım, borc-xərc içərisində yaşamazdım”

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir. Məhkəmə iclasına hakim Elnur Nuriyev sədrlik edir.

Tofiq Yaqubluya verilmiş ittihama görə, guya zərərçəkmiş Elşən Hüseynovun Almaniyada vətəndaşlıq alması üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Vasitəçilik edən Elnur Məmmədov da həmin vəsaiti alaraq Tofiq Yaqubluya çatdırıb. Elnur Məmmədov Tofiq Yaqublu ilə birlikdə mühakimə olunur. T. Yaqublu ittihamları qəbul etmir. 

Dekabrın 14-də hakim Tofiq Yaqublunun evində keçirilmiş axtarış və pulun götürülməsi protokolunu elan edib. Tofiq Yaqublu bildirib ki, məhkəmədəki ifadələr də həmin epizodun qurama olduğunu sübut edir:

Maya xanım da (həyat yoldaşı – red.) burda ifadə verəndə bildirdi ki, evə girib birbaşa ikinci mərtəbəyə çıxıblar, bircə şkafın siyirtməsinə elə-belə baxıblar, pul axtarmayıblar. Onlar orda vaxt keçiriblər, o biriləri aşağıdakı yataq otağına girib, pulu döşəyin altına qoyublar. Sonra yuxarıdakılar Maya xanımı aşağı düşürüblər, birbaşa həmin otağa girərək heç nə axtarmadan döşəyi qaldırıblar və guya pul tapıblar. Götürüb gediblər. Evdə o qədər axtarılmalı yer varkən daha heç yerə baxmayıblar. Bəlkə elə evdə silah da vard? Niyə o qoyduqları pulu götürəndən sonra axtarışı davam etdirməyiblər? Çünki artıq əməliyyatı başa çatmış hesab ediblər, gerisi onlar üçün maraqlı olmayıb”.

Hakim Tofiq Yaqubludan “Siz niyə belə qışqırırsız?” deyə soruşub. O da belə cavab verib: “Mənə dəyən təpik sizə də dəysəydi, məndən bərk qışqırardız. Mənim evimdən borc dəftərini aparıblar. Mən borcla yaşayan adam olmuşam. Miqrant alveriylə məşğul olsaydım, borc-xərc içərisində yaşamazdım, borc dəftəri tutmazdım“.

Tofiq Yaqublu diqqəti evdən tapıldığı iddia olunan əskinasların üzərindəki əl izləri ilə bağlı protokola da çəkib: “Deməli, evdən guya  götürülən  iki ədəd yüz manatlğın, bir ədəd yüz avronun, bir ədəd 50 avronun üzərində mənim barmaq izlərim var, ancaq guya o pulu mənə vermiş nə Elşənin, nə də Elnurun barmaq izi yoxdur“.

Hakim zərərçəkən Elşən Hüseynovla təqsirləndirilən Elnur Məmmədov arasındakı Whatsapp üzərindən yazışmaları elan edib. O, tərəflərin diqqətinə çatdırıb ki, Elşən Hüseynovla Elnur Məmmədov arasında yazışma Tofiq Yaqublunun həbsindən bir neçə gün əvvəl – ötən il dekabrın 5-də başlanıb. Onlar öz aralarında viza almaq üçün Tofiq Yaqubluya pulun verilməsi barədə yazışıblar.

Tofiq Yaqublu bu məsələyə belə münasibət bildirib: “İş materiallarında göstərilib ki, guya bunlar bir-biriylə 6 ay əvvəl tanış olublar, Elşənin Almaniyaya getməsi üçün yollar axtarıblar, axırda da gəlib məni tapıblar. Bunu sübut edəcək heç bir dəlil, sübut yoxdur. Gördüyünüz kimi, bunların Whatsapp yazışmaları həbsimdən bir neçə gün əvvəl başlayıb. Bütün bunları müstəntiq düzüb-qoşub“.

Tofiq Yaqublu məhkəmədə əsəbi danışıb. Hakimin “tərbiyən olsun” deməsi isə onu daha da özündən çıxarıb: “Bu gün bir il olur ki, buradayam. Həbsxanada qaldığım hər gün həyatımdan gedir. Ölkə dələduzlarla doludur. Camaat dələduzların dalınca düşür, pulunu ala bilmir. Polisə müraciət edəndə də aylarla, illərlə süründürməçiliyə məruz qalırlar. Necə olur ki, Elşən Hüseynov burdan Elnurla danışır, ordan pulu verir, ordan da bir günün içində qaçır polisə ərizə yazır, tez izahat verir, üç gün keçməmiş də məni həbs edirlər? Hanı bu işdə araşdırma? Hanı sübut, dəlil? Sabah müşavirə otağına gedib, gəlib hökm elan edəcəksiniz, deyəcəksiniz ki, Tofiq Yaqublunun cinayəti sübuta yetirildi, məhkəmədə dedikləri də özünü təmizə çıxartmaq üçün idi“. 

Hakimlə təqsirləndirilən şəxs arasındakı qısa mübahisədən sonra növbəti məhkəmə iclası dekabrın 29-na təyin edilib.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsinin siyasi sifariş, ittihamların isə saxta olduğunu bildirir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edirlər.

Editor

Related Posts