Gürcüstan: aksiyalar davam edib,  Litva və Estoniya Gürcüstan rəsmilərinə sanksiya tətbiq ediblər

Gürcüstan: aksiyalar davam edib,  Litva və Estoniya Gürcüstan rəsmilərinə sanksiya tətbiq ediblər

Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi tələbilə keçirilən etiraz aksiyalarının 19-cu günü başlayıb. Dünən onminlərlə insan küçələrə çıxıb. Müxtəlif peşələrin təmsilçiləri – menecerlər, iş adamları, rəssamlar, baytarlar və digərləri Tbilisinin müxtəlif yerlərində  yürüşlər keçiriblər. Axşam saatlarında onların hamısı parlament binasının qarşısına toplaşıb.

Litva və Estoniya Gürcüstan rəsmilərilə bağlı sanksiya siyahısını genişləndirib. Hakim partiyanın təyin etdiyi Baş nazir İrakli Kobaxidze də daxil olmaqla, Liva 17, Estoniya 14 nəfərə sanksiya tətbiq edib. 

“Amnesty İnternational” təşkilatı Gürcüstandakı vəziyyətlə bağlı hesabat dərc edib. Bildirilir ki, “hökumət  sistematik olaraq insan haqlarını pozur”, “polislərin qeyri-qanuni güc tətbiq etməsi, işgəncələrin və digər pis rəftarın miqyası göstərir ki, onlar hökumətin göstərişlərinə uyğun hərəkət edirlər”.

Gürcüstan müxalifəti Avropa İttifaqının Ali nümayəndəsini “İvanişvili rejimini qeyri-legitim elan etməyə” və “Avropa dəyərləri uğrunda mübarizə aparan Gürcüstan xalqına dəstək üçün təcili tədbirlər görməyə” çağırıb. 

Prezident Salome Zurabişvili onun Avropa yönlü siyasətinə və mübarizəsinə həmrəylik ifadə etmək üçün Prezident Administrasiyasının qarşısına gələn etirazçılarla – rəssamlarla və İT nümayəndələrilə   görüşüb. Aksiya iştirakçıları Zurabişvilini alqışlarla qarşılayıblar.

Həbsdə olan etirazçıların azad edilməsini və yeni parlament seçkilərinin keçirilməsini tələb edən HR mütəxəssisləri, menecerlər və biznes təmsilçilərinin bəyanatına 400-dən çox şəxs imza atıb.

Gürcüstan İnformasiya Kommunikasiyaları Assosiasiyası bəyan edib ki, hüquq-mühafizə orqanlarının dinc nümayişçilərə qarşı çoxsaylı zorakılıq halları Avropa kursuna və ölkənin strateji maraqlarına ziddir. Assosiasiya həbs olunan etirazçıların dərhal azadlığa buraxılmasını və demokratik standartlara uyğun yeni parlament seçkilərinin keçirilməsini tələb edir. Bəyanatda həmçinin bildirilir ki, “qeyri-legitim parlamentdə”, həm də  alternativsiz bir şəkildə prezident seçilməsi “qəti şəkildə qəbuledilməzdir”.

Oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusu Partiyasının 53,9% səs toplayaraq qalib gəldiyini elan edib. Dörd müxalifət partiyası 5%-lik baryeri keçib. Onların hamısı seçkinin nəticələrini tanımaqdan və parlamentə daxil olmaqdan imtina edib. Seçki nəticələrinin saxtalaşdırıldığını bildirən müxalif qüvvələr yeni seçkilər keçirilməsi tələbilə etiraz aksiyalarına başlayıb. Hazırda parlamentin iclaslarında yalnız hakim partiyanın nümayəndələri iştirak edir.

Seçkilərdən bir ay  iki gün sonra – noyabrın 28-də Gürcüstanın Baş naziri, “Gürcü Arzusu”nun  üzvü İrakli Kobaxidze Avropa İttifaqı ilə danışıqların dayandırıldığını və 2028-ci ilə qədər qurumun qrantlarından imtina etdiyini açıqlayıb. Ölkənin Aİ və NATO-ya inteqrasiyası siyasəti Gürcüstan Konstitusiyasında təsbit edilib. Müxalifət hesab edir ki, hakim partiya Gürcüstanın qərbyönlü inkişaf kursunu dəyişməyə və ölkəni Rusiyanın təsir orbitinə qaytarmağa çalışır. 

Baş nazirin açıqlamasından dərhal sonra başlamış kütləvi etirazlar davam edir.

Ombudsman Aparatının nümayəndələri noyabrın 28-dən dekabrın 11-dək həbsdə olan 327 aksiya iştirakçısına baş çəkiblər və onların demək olar ki, hamısında fiziki xəsarət izləri olduğunu təsbit ediblər. Etirazlar başlayandan bu günə qədər 400-dən çox etirazçı baxlanılıb. Onlardan 30-na cinayət işi açılıb.

Dekabrın 14-də Gürcüstanda prezident seçkisi keçirilib. Bu dəfə prezidenti ümumxalq səsverməsilə yox, Seçicilər Kollegiyası seçib. “Gürcü arzusu” bu vəzifəyə keçmiş futbolçu, 1995-ci ildə Rusiyanın ən yaxşı futbolçularından  biri seçilmiş, ali təhsili olmayan Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da keçirilməlidir. Səlahiyyətləri bu gün başa çatan indiki prezident Salome Zurabişvili parlamentin qeyri-legitim olduğunu, postunu tərk etməyəcəyini bildirib.

Editor

Related Posts