Bakı Şəhər İcra Hakimiyyətində şəhərin, o cümlədən paytaxt rayonlarının təsərrüfat xidmətləri rəhbərlərinin və məsul şəxslərin iştirakı ilə geniş müşavirə keçirilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, müşavirədə son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq işləri, çimərliklərin vəziyyəti, şəhərin ümumi görünüşünə xələl gətirən tikililər, sanitar təmizlik, yay mövsümünə hazırlıq, qanunsuz tikililərlə mübarizə və digər məsələlər müzakirə edilib. Bəzi yerlərdə nöqsanların mövcudluğu vurğulanıb, rayonlar üzrə monitorinq zamanı aşkar edilmiş konkret faktların fotoşəkilləri nümayiş olunub.
Müşavirənin yekununda Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov bir daha qeyd edib ki, həyata keçirilən müsbət işlərlə yanaşı, hazırda mövcud olan bir sıra nöqsanların ən qısa zamanda aradan qaldırılması vacibdir.