Vətəndaş iddia edir ki, “Sea Breeze” şirkəti onun miras torpağını zəbt edib.
Kürdəxanı sakini Əlikövsər İmamverdiyev deyir ki, ona babasından miras qalan 1 hektar bağ “Sea Breeze” tərəfindən mənimsənilib.
Vətəndaş bildirir ki, hadisə 2023-ci ildə baş verib.
“Heç nədən xəbərsiz, evimdə oturmuşdum. Bir də gördüm ki, traktor salıb, bağımı qazırlar. Gedib, dedim ki, torpaq mənimdir. Siz burada nə iş görürsünüz? Bildirdilər ki, “Sea Breeze”in işçiləriyik. Bizə burada tikinti işləri aparılmasına dair tapşırıq verilib. Şikayətin varsa, get, Emin Ağalarova bildir”.

Zərərçəkən deyir ki, məsələ ilə əlaqədar Emin Ağalarovla görüşmək istəsə də, ona imkan verməyiblər:
“Bir neçə dəfə “Sea Breeze”ə gedib, Emin Ağalarovla görüşmək istəmişəm. Orada bir neçə keçid məntəqəsi qurublar və mənə Emin Ağalarovla görüşməyə icazə vermədilər. Sonuncu dəfə dörd ay öncə getmişdim, amma yenə də görüşməyə qoymadılar. Məcbur oldum, Prezidentə və Vitse-prezidentə bir neçə dəfə məktub yazdım. Məktublarımı Sabunçu Rayon İcra Hakimiyyətinə göndərdilər. İcra Hakimiyyəti isə hər dəfə yazır ki, məhkəməyə müraciət et”.
Vətəndaş bildirir ki, əlində Azərbaycan Milli Arxiv İdarəsindən çıxardığı sənəd var və həmin sənəddə torpağın babasına məxsus olduğu göstərilib:
“Bu torpaqlar sovetlər dövründə dövlət mülkiyyətində olub və insanların istifadəsinə verilib. Mənim babamın atasına da torpaq sahəsi verilib, bunu sübut edəcək sənədim də var. Bununla belə, hara müraciət edirəmsə, çıxarış lazım olduğunu deyirlər. Bir hektar torpağa çıxarış almaq üçün evimi də satsam yenə də pulum çatmaz. İndi mənim torpağımda iki bina inşa edilib. Torpağının çıxarışı olmayan da tək mən deyiləm. Balaxanıdan, Maştağadan, Nardarandan, Pirşağıdan, Kürdəxanıdan torpaq sahəsi olan adamlar olub. Belə çıxır ki, onların hamısı yalançıdır?”

Əlikövsər İmamverdiyev deyir ki, əvvəllər həmin ərazilərdə insanların torpaq sahələrinin böyük bir qismi pul qarşılığında iş adamı Araz Ağalarov tərəfindən alınıb:
“Burada yaşayanların heç birində çıxarış olmayıb. 2007-2008-ci illərdə Araz Ağalarovun adamları gəlib deyirdilər ki, bu torpaqlar sizdən məcburi alınır. Amma torpaq sahiblərinə sotuna 300 dollar verirdilər. Bunlar hamısı gözümün önündə olub. Adamlardan heç bir sənəd tələb etmirdilər. Yalnız şəxsiyyət vəsiqəsinin sürətini çıxarıb götürürdülər, bir də pulu verdikləri şəxslərin imzalarını alırdılar. Beləliklə, Nardarandan Kürdəxanıya qədər hektarlarla torpağı insanların razılığı ilə, pul qarşılığında aldılar. Bir adama demədilər ki, sənin çıxarışın yoxdur, sənə pul vermirik. Kiminsə torpağına yiyələnmək istəmirəm. Halal torpağımın davasını aparıram. Emin Ağalarovun məni qəbul edib, dinləməyini istəyirəm. Əminəm ki, Emin Ağalarov əlimdəki sübutlara baxıb, məni dinləyib, halal haqqımı mütləq verəcək”.

Məsələ ilə əlaqədar “Sea Breeze”dən münasibət öyrənmək mümkün olmayıb.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, vətəndaş Milli Arxiv İdarəsindən aldığı sənədi Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidmətinə təqdim etməklə çıxarış ala bilər.
“Vətəndaş çıxarışı alandan sonra birbaşa onun torpaq sahəsi üzərində tikililərin aparılması, dayandırılması və ona kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər”, – ekspert bildirib.
1996-cı ildə Azərbaycanda “Torpaq islahatı haqqında” qanun qüvvəyə minib. Məqsəd torpaqların vətəndaşların mülkiyyətinə verilməsi olub. Lakin bu prosesdə zaman-zaman müxtəlif qanunsuzluqlar və özbaşınalıqlar da müşahidə edilib.
Bəzi hallarda torpaqlar sənədsiz satılıb, rəsmi çıxarışlar verilməyib və ya torpaq sahiblərinin razılığı olmadan ərazilər alınıb. Torpaq bölgüsündə ədalətsizlik halları, arxiv sənədlərinin hüquqi qüvvəsinin tanınmaması və bələdiyyələr tərəfindən şəffaf olmayan satışlar da bu sahədə problemlərə səbəb olub. Bu səbəbdən torpaq mülkiyyəti ilə bağlı mübahisələr bu gün də aktual olaraq qalır.