Ermənistan baş naziri və Türkiyə prezidenti İstanbulda görüş zamanı iki qonşu ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan konstruktiv dialoqun davam etdirilməsinin və konkret nəticələrin əldə olunmasının vacibliyini vurğulayıblar, – Ermənistan hökumətinin məlumatında deyilir.
Baş nazir Paşinyan Ermənistanın regionda sülh və sabitliyin bərqərar olması prosesinə sadiqliyini vurğulayaraq, qonşular ilə münasibətlərin normallaşdırılması siyasətinin davam etdirilməsi öhdəliyini bir daha təsdiqləyib.
İki ölkənin liderləri birbaşa təmasları və dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
“Ermənistan və Azərbaycan arasında sülh prosesi, eləcə də Ermənistan hökumətinin “Sülh yolayrıcı” layihəsi ətrafında fikir mübadiləsi aparılıb”, – Ermənistan baş nazirinin mətbuat xidməti xəbər verir.
Türkiyə Prezidenti Administrasiyasının məlumatına görə isə, görüşdə Bakı ilə İrəvan arasında sülh danışıqları zamanı əldə olunan razılaşmalara xüsusi diqqət yetirilib. Ərdoğan deyib ki, Ankara regionun qarşılıqlı fayda prinsipləri əsasında inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Ərdoğan İsrailin İrana zərbələri ilə bağlı təhdidlərə işarə edərək gərginliyin azaldılması üçün səylərin vacibliyini vurğulayıb. O, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə bölgə liderləri ilə sıx təmasları davam etdirdiyini bildirib.
N.Paşinyan iyunun 20-də Türkiyəyə işgüzar səfərə gedib. Ermənistan liderləri daha əvvəl də müxtəlif səbəblərlə Türkiyəyə səfərlər ediblər. Amma N.Paşinyanın bu səfəri fərqlənir, o, nə rəsmi, nə də qeyri-rəsmi tədbirlərlə (məsələn, andiçmə və ya futbol oyunu) bağlı deyil. N.Paşinyanın Türkiyəyə səfərini onun partiyadaşları “tarixi” adlandırıblar.