Today Çərşənbə, 25th İyun 2025
Birinci 24

Birinci 24

Erkən nikah ana ölümünə yol açır – Deputat həyəcan təbili çaldı

Erkən nikah ana ölümünə yol açır – Deputat həyəcan təbili çaldı

Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan problemdir. Beynəlxalq statistikaya görə hər il dünyada 10 milyona yaxın uşaq erkən nikaha məruz qalır. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. 

Azərbaycanda da təəssüf ki, bu problemlə əlaqədar statistika minimum səviyyədə deyil. Xüsusilə  tarixi ənənələr və mentalitet faktoru, bir çox hallarda isə ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan yoxsulluq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Qeyd edilir ki, bu hallar ucqar kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılıb. 

Rəsmi statistikaya görə, 2024-cü il üzrə respublikanın 14 iqtisadi rayonunda ümumilikdə 185 nəfər 17 yaşında rəsmi nikaha daxil olub. Üzrlü səbəbləri əsas gətirən belə şəxslərə icra orqanları tərəfindən vaxtından əvvəl evliliyə rəsmən icazə verilib. 

Artıq bu ildən qanunvericilikdəki 17 yaşında evliliyə imkan verən istisna hallarla bağlı müddəa ləğv edilib. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Könül Nurullayeva vurğulayıb ki, insan həyatında əsas dəyərlərdən biri ailədir. Bu mənada erkən nikah cəmiyyət üçün çox ciddi və aktual problemdir: 

“Statistika da göstərir ki, əksər hallarda erkən nikahların gələcəyi yoxdur və nəticədə boşanmalara səbəb olur. Psixoloji cəhətdən ailə həyatına hazır olmayan gənclərin izdivacı xüsusilə qızların təhsildən yayınmasına, eyni zamanda qüsurlu hamiləlik və müxtəlif xəstəliklərə, hətta bəzi hallarda ölümə belə səbəb olur. Əslində erkən nikahların səbəblərinə diqqət yetirdikdə bu, daha çox gənclik maksimalizminin, bəzi hallarda isə valideynlərin təkidi və israrının nəticəsidir. 

Beynəlxalq statistikaya görə, 20-29 yaş arası anaların ölüm göstəricisi 0,35 faiz, 20 yaşadək anaların ölüm göstəricisi isə 0,76 faiz, doğulan körpələrin ölüm göstəricisi isə 69 faizə qədərdir”.

Deputatın sözlərinə görə, yeniyetməlik ən güclü enerji və ən güclü yaddaş dövrüdür. Bu, həm də bilik əldə etmək, texnologiyanı öyrənmək üçün qızıl dövr hesab olunur: 

“Kifayət qədər həyat təcrübəsi olmadığından erkən nikaha girən şəxslər üçün ailə həyatını düzgün idarə etmək də çətin olur. 

Valideynlər və ya digər qəyyumlar yetkinlik yaşına çatmayanların təhsil almaq hüququna hörmət etməli, onların ən azından icbari təhsili başa çatdırmalarını təmin etməli, icbari təhsil alan yetkinlik yaşına çatmayanların təhsildən yayınmasına yol verməməlidirlər.

Təcrübə göstərir ki, nikah üçün ən optimal yaş 25 və yuxarı hesab olunur. Bu isə o deməkdir ki, əvvəlcə təhsil alan, sonra karyera quran, həyat təcrübəsi qazanan ailə daha sabit olur”. 

Azərbaycanda erkən nikaha qarşı mübarizənin davam etdiyini diqqətə çatdıran Könül Nurullayeva vurğulayıb ki, bununla əlaqədar qanunvericilik və hüquqi baza daim təkmilləşdirilir, sərtləşdirilir:

“Məlumdur ki, ölkəmizdə Cinayət Məcəlləsinə görə, 16 yaşından aşağı şəxslərin erkən evliliyinin təşkili cinayət hesab olunur. Lakin bununla belə, hesab edirəm ki, paralel olaraq fasiləsiz maarifləndirməyə, ictimai qınağa da ehtiyac var. Bu, bütün dünyada ciddi problemdir. Ölkələr çıxış yolu kimi uşaq, erkən və məcburi nikah məsələsini milli inkişaf planlarına daxil edir, vətəndaş cəmiyyəti institutları, xüsusilə gənclər, qadınlar regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa cəlb olunur, həmçinin yeniyetmə qızların öz hüquqlarını həyata keçirə bilmələrini və müdafiə etmələrini təmin etmək üçün onlara cinsi və reproduktiv hüquqlar üzrə təhsil verilir. Qızların təhsilinə, onların düzgün cinsi tərbiyəsinə sərmayə qoyuluşu davam etməlidir. Yəni, erkən nikahın fəsadları barədə hərtərəfli təbliğat mühiti daim gücləndirilməlidir”.

Editor

Related Posts