Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aralıq dənizi sahəsində yerləşən ən iri və strateji qaz yataqlarından biri olan “Tamar” layihəsində 10% effektiv mülkiyyət payı əldə edib.
Şirkətin yaydığı məlumata görə, bu məqsədlə SOCAR 2024-cü il yanvarın 31-də israilli milyarder Aaron G. Frenkelin nəzarətində olan Union Energy şirkəti ilə ilkin razılaşma imzalamışdı. Müqavilə iyunun 27-də rəsmiləşdirilib.
“SOCAR hasilatın genişləndirilməsi strategiyasına uyğun olaraq xarici ölkələrdə strateji aktivlərdə pay almağa davam edir,” – şirkətin rəsmi açıqlamasında qeyd olunur.
Sövdələşmənin detalları:
SOCAR, sövdələşmə çərçivəsində Frenkelin nəzarətindəki iki şirkətdə pay əldə edib:
• Union Energy şirkətində 48,3% pay əldə etməklə “Tamar” layihəsində 7%-lik iştirak hüququ qazanıb.
• Tamar Petroleum şirkətində 17,9% pay isə əlavə 3%-lik iştirak verir.
Beləliklə, ümumilikdə SOCAR “Tamar” qaz yatağında 10%-lik effektiv paya sahib olub. Razılaşmanın ümumi dəyəri təxminən 1,25 milyard ABŞ dolları təşkil edir.
“Tamar” qaz yatağı haqqında:
• Yerləşmə: Hayfa şəhərindən 90 km aralıda, Aralıq dənizinin dibi
• Kəşf olunma tarixi: Yanvar, 2009
• İstismara başlanma: 2013-cü ildən
• Hazırkı hasilat: İllik təxminən 10 milyard kubmetr qaz
• Genişləndirmə planı: Növbəti 3 ildə illik hasilatın 15 milyard kubmetr-ə çatdırılması
• Təsdiqlənmiş ehtiyatlar: Təxminən 389 milyard kubmetr
• Bərpa edilə bilən ehtiyatlar: 286 milyard kubmetr
Mövcud müqaviləyə əsasən yatağın işlənməsi 2038-ci ilə qədər nəzərdə tutulur. Lakin bu müddət 2047-ci ilə qədər uzadıla bilər.
Hazırkı səhmdarlar:
2024-cü ilin mart ayına olan məlumata əsasən, “Tamar” layihəsinin əsas iştirakçıları bunlardır:
• Chevron Corp. (ABŞ) – 25%
• Isramco (İsrail) – 28.75%
• Mubadala Energy (BƏƏ) – 11%
• Union Energy – 11%
• Tamar Petroleum (İsrail) – 16.75%
• Evraels (İsrail) – 3.5%
Bu sövdələşmə SOCAR-ın beynəlxalq enerji bazarlarında iştirakını genişləndirməsi və qaz hasilatı üzrə mövqeyini gücləndirməsi baxımından mühüm addım hesab olunur.