Today Bazar ertəsi, 7th İyul 2025
Birinci 24

Birinci 24

Azərbaycanda Aşura günü: Qadınlara ağlamaq, uşaqlara məscidə girmək qadağan olundu

Azərbaycanda Aşura günü: Qadınlara ağlamaq, uşaqlara məscidə girmək qadağan olundu

İyulun 6-da Azərbaycanda Aşura günü qeyd olunarkən bir sıra məscidlərdə dini mərasimlərə faktiki məhdudiyyətlər müşahidə edilib. Sosial mediada yayılan məlumatlara əsasən, vətəndaşlara mərsiyə oxumağa, sinə vurmağa və hətta ağlamağa belə icazə verilməyib.

Qadın ibadətçilər arasında bu məhdudiyyətləri yaşayanlar arasında jurnalist Arzu Abdulla Gülzaman da olub. O, Bakıdakı Əjdərbəy məscidində yaşadığı təcrübəni ictimailəşdirib.

Gülzamanın dediyinə görə, məsciddəki molla qadın və axund mərsiyə deyilməsinə icazə verməyib, polis əməkdaşları isə “hökumət ağlamağa icazə vermir” deyə cavab veriblər.

“Bura imam Hüseyn əleyhissəlamın məclisidir. Amma bizə deyirlər ki, Aşura dünən olub, bu gün ağlamaq olmaz. Halbuki, Aşura iyulun 6-na təsadüf edirdi və biz öz inancımıza uyğun həmin gün toplaşmışdıq”, – deyə Gülzaman bildirib.

Təqvim fərqi: rəsmi və qeyri-rəsmi Aşura

Aşura İslam təqvimi ilə müqəddəs Məhərrəm ayının onuncu günüdür və xüsusilə şiə müsəlmanları üçün matəm və yas günüdür. Bu gün İmam Hüseyn ibn Əlinin və onun ailə üzvlərinin Kərbəla döyüşündə şəhid edilməsi anılır.

Aşura günü, 680-ci ildə (hicri 61-ci il) Kərbəla çölündə baş verən döyüşdə İslam Peyğəmbəri Məhəmmədin nəvəsi İmam Hüseyn və onun 72 silahdaşı Əməvi xəlifəsi Yezidin ordusu tərəfindən qətlə yetirilib.

İmam Hüseynin zülmə və haqsızlığa qarşı dirənişiədalət və haqq uğrunda şəhid olması Aşuranı yalnız dini deyil, həm də moral və siyasi bir simvola çevirib.

Aşura günü şiə icmaları mərsiyələr deyir, sinə vurur, göz yaşı axıdırtəziyə tamaşaları qurur və İmam Hüseynin şəhadətini anırlar. Azərbaycanda, xüsusilə Bakı, Nardaran, Lənkəran, Masallı, Gəncə və digər bölgələrdə Aşura şəhidlik, inanc və müqavimət günü kimi qeyd olunur.

Azərbaycan hakimiyyəti nəzarətində olan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Aşura gününün iyulun 5-də qeyd olunacağını elan etmişdi. Lakin şiə icması üçün Aşura günü iyulun 6-na təsadüf edirdi. Bu fərq bəzi məscidlərdə dini tədbirlərin 5-də təşkil olunub, 6-da faktiki olaraq qadağan edilməsinə gətirib çıxardı.

Bu vəziyyət Azərbaycanda dövlətin rəsmi dini qurumlar vasitəsilə dini həyat üzərində nəzarətini gücləndirməsi, eyni zamanda şiə icması üzərində dominantlıq mesajı verməsi kimi yozula bilər.

Uşaqların məscidlərə buraxılmaması: psixoloji əsaslandırma və reaksiyalar

Yalnız qadınların deyil, uşaqların da məscidlərə buraxılmaması bu ilki Aşura ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri oldu. Təhsil müəssisələrinə və valideynlərə dini tədbirlərə uşaqların aparılmaması barədə xəbərdarlıq olunmuşdu.

Sosial işçi Sənubər Heydərova daha əvvəl bildirmişdi ki, hökumət bu siyasəti “uşaq psixologiyasını qorumaq” arqumenti ilə əsaslandırsa da, onun fikrincə, bu yanaşma dini ayinlərə şəxsi və ailəvi iştirak azadlığına müdaxilə kimi qiymətləndirilməlidir:

“Əgər uşaqlar qan, ölüm, silah, qəhrəmanlıq mövzusunda hərbi tədbirlərə aparılırsa, dini mərasimlərə aparılmaları nədən problem olur?” – deyə Heydərova soruşur.

Ekspertlər: “Bu, şiə icmasına qarşı ideoloji basqıdır”

Hüquqşünas Xalid Bağırov isə verdiyi əvvəlki açıqlamada qeyd edib ki, dini mərasimlərə bu cür müdaxilə Azərbaycan Konstitusiyasında təsbit olunmuş vicdan və inanc azadlığı hüququnun pozulmasıdır.

Onun sözlərinə görə, “ictimai təhlükəsizlik” və ya “ictimai asayiş” arqumentləri ilə bu cür məhdudiyyətlər qanuni əsasdan çox, siyasi qərarlarla yönəldilir.

Müsəlman Birliyi Hərəkatının Avropa üzrə nümayəndəsi Ələmdar Bünyadov isə hesab edir ki, bu yanaşma dövlətin şiə icmasına qarşı açıq şəkildə soyuq və düşmənçilik mövqeyində olduğunu göstərir:

“Bu, yalnız idarəetmə yox, həm də dini və mədəni aidliyə qarşı mübarizədir”.

İranla münasibətlərin fonunda şiə icmasına təzyiq

Azərbaycanda Aşura günü dini mərasimlərin məhdudlaşdırılması təkcə dini azadlıq məsələsi deyil, bu hadisələr daha geniş bir geosiyasi və ideoloji qarşıdurmanın kontekstində baş verir.

Azərbaycan hökuməti şiə icmasını nəzarət altında saxlamaqla ölkə daxilində İran təsirinə qarşı önləyici tədbirlər həyata keçirməyə çalışır. Çünki ölkədəki bir çox şiə dindarları ibadət və dini məsələlərdə İranlı ali rütbəli din xadimlərinin, ayətullahların fətvalarına əsaslanırlar. Bu isə hökumət tərəfindən potensial təhlükə kimi qəbul olunur.

Bu təqlid əlaqələri səbəbilə dini fəallar “İran agenti” olmaq, dövlət əleyhinə çağırışlar etmək, narkotik və silah saxlamaq kimi ittihamlarla saxlanılır və uzunmüddətli həbs cəzalarına məruz qalırlar.

Ələmdar Bünyadovun sözlərinə görə, bu münasibət şiə icmasına qarşı sistemli təzyiq siyasətinə çevrilib:

“Azərbaycanda şiə inancına bağlı olan dindarlar sadəcə ibadət formasına görə təqib olunur. Dövlət onların ibadət tərzini İran təsiri kimi qiymətləndirir və bu əsasla da onları kriminal fiqurlara çevirir. Bu, əslində, inanc azadlığına qarşı aparılan kampaniyadır”.

Məsələnin daha dərin qatında isə, hökumətin ölkədə dini müstəqilliyi nəzarət altına alma cəhdiQafqaz Müsəlmanları İdarəsi vasitəsilə vahid dini siyasət tətbiq etmək istəyi və İranda ali dini liderlərin təsir imkanlarını azaltmaq planı dayanır.

Nəticə: inanca rəsmi nəzarət

Azərbaycanda dini azadlıqların tətbiqi uzun illərdir ki, rəsmi institutlar və hüquq-mühafizə orqanları vasitəsilə tənzimlənir. Bu ilki Aşura isə göstərdi ki, bu nəzarət təkcə təşkilə yox, artıq məzmuna, ağlamağa, mərsiyəyə, sükutun pozulmasına qədər uzanır.

Şiə icmasının öz inancına uyğun təqvimlə toplaşmaq və ibadət etmək hüququ ilə dövlətin vahid dini yanaşma təqdim etmək cəhdi arasındakı ziddiyyət getdikcə daha açıq şəkildə görünür.

Editor

Related Posts