Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı və”Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə onun hüquqlarını müdafiə edən “Facebook” səhifəsində məlumat verilib.
Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib. Onun danışmaqda çətinlik çəkdiyi də qeyd edilir.
Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər.
Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.
Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.
O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, “ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə” görə həbs olunub.