Today Çərşənbə, 9th İyul 2025
Birinci 24

Birinci 24

Memar: “Əhalini yer-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar”

Memar: “Əhalini yer-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar”

Paytaxtın Yasamal rayonunun Bayırşəhər adlanan hissəsində yaşayan ailələrin köçürülməsi davam edir. 

Memar və ictimai fəal Abdul Hüseynov iyulun 7-də “Facebook” səhifəsində Bayırşəhərdə, Təzəpir məscidi yaxınlığında yaşayan daha bir ailənin köçdüyünü xəbər verib. 

O qeyd edib ki, Əlövsət Quliyev küçəsində yaşamış ailə Xırdalana köçməyə hazırlaşır. 

“Onlar Bayırşəhər ərazisini tərk edərək Xırdalana köçməyə məcbur qalırlar. Təbii ki, bu, onların haqqıdır. Lakin son zamanlar gördüyümüz kimi yerli əhalini bu tarixi ərazidən, yerindən-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar”, – Hüseynov deyib. 

Sakinlərin Bayırşəhərdən köçməsi ərazidə son aylarda tarixi məhəllələrin sökülməsi fonunda baş verir. Hökumətyönlü media bəzi sakinlərin təklif olunan təzminata razılaşmadığını, buna görə də söküntünün ləngidiyini yazırdı.

Hüseynov Təzəpir məscidi ətrafının Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planına əsasən “xüsusi mühafizə olunan ərazi” statusuna malik olduğunu xatırladıb. 

Bu statusa əsasən isə, ərazidə söküntü deyil, yalnız yenidənqurma və reabilitasiya işləri aparıla bilər. Sakinlər isə yalnız zəruri olduqda müvəqqəti şəkildə yaxınlıqdakı ərazilərə köçürülə bilərlər. 

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bildirdiyinə görə, Bayırşəhərin söküntüsü zamanı dövlət reyestrində tarixi abidə kimi qeydiyyata alınan tikililərə toxunulmayacaq. 

Hüseynov isə daha öncə deyib ki, ərazidə 120-130 yaşlı tarixi abidələr var ki, 2015-16-cı illərdə reyestrdən çıxarılıb. “Onda belə çıxır ki, onlar bu abidələri sökəcəklər?”, – o sual edib. 

Bəzi sakinlərin daha əvvəl “Xəzər TV”-yə dediyinə görə, onlara söküləcək evlərin hər kvadrat metrinə 2200-2700 manat aralığında olmaqla kompensasiya təklif olunub. Onlar isə məbləğin az olduğunu düşünür.

Editor

Related Posts