Xaçmaz rayonunun meyvə bağlarında iyun ayından etibarən şaftalı və nektarin yığımına başlanılıb. Hazırda əsasən ənənəvi bağlardan “Zalatoy” və “Fədai” sortu şaftalılarla yanaşı, tezyetişən nektarin növləri də toplanır.
Bağlardan yığılan meyvənin bir hissəsi yerli və Bakı bazarlarında satışa çıxarılır. Əsas ixrac istiqaməti isə yenə də qonşu Rusiya Federasiyasıdır.
Çiləgir kənd sakini, təsərrüfatçı Coşqun İsmayılovun sözlərinə görə, bu il bağlarda məhsuldarlıq yüksək olsa da, ötən illərlə müqayisədə alıcılıq zəifləyib:
“Hazırda qiymət münasibdir. Şaftalının ölçüsündən və keyfiyyətindən asılı olaraq bir kiloqramı 70 qəpikdən 1 manata qədər satılır. Amma alıcı azalıb. İxraca daha çox intensiv bağlarda yetişdirilən xarici sortlar gedir, ənənəvi bağların məhsuluna maraq aşağıdır”.
Təsərrüfatçı bildirir ki, məhsulun vaxtında yığılmaması ciddi itkilərə səbəb ola bilər.
“Xüsusilə “Zalatoy” növü bir gün gec yığılsa, ağacda məhv ola bilər. Gilas bu il zəif oldu, amma şaftalı və fındıqdan razıyıq. İndi əsas məqsəd məhsulu vaxtında toplamaq və sərfəli qiymətə satmaqdır”.
Xaçmazda ümumilikdə 3 min hektara yaxın şaftalı bağı mövcuddur. Onlardan təxminən 1000 hektarı intensiv bağçılıq üsulu ilə becərilən sahələrdir. Rayonda hər il orta hesabla 30 sentner məhsuldarlıqla 7–8 min ton şaftalı toplanır.
Mütəxəssislər bildirirlər ki, mövsümi meyvə bazarının canlanması üçün ixrac imkanlarının artırılması, yerli çeşidlərə tələbin yüksəldilməsi və logistika zəncirinin optimallaşdırılması vacibdir.