Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Əfqanıstana rəhbərlik edən Taliban hərəkatının iki lideri haqqında həbs qərarı çıxarıb.
İyulun 8-də verilən qərarda Talibanın Ali lideri Heybətullah Axundzadə və Əfqanıstan Ali Məhkəməsinin sədri Əbdül Həkim Həqqani barəsində “gender əsaslı təqiblər törətməkdə əsaslı şübhələr” mövcud olduğu bildirilir.
“Taliban bütövlükdə əhali üçün müəyyən qaydalar və qadağalar tətbiq etsə də, xüsusilə qızları və qadınları cinslərinə görə hədəfə alaraq, onları əsas hüquq və azadlıqlardan məhrum edib”, – deyə qərarda qeyd olunub.
BCM hakimləri bildirib ki, Taliban qızları və qadınları təhsil, şəxsi həyat, ailə həyatı, hərəkət azadlığı, ifadə, düşüncə, vicdan və din azadlığı hüquqlarından “kəskin şəkildə məhrum edib”.
Taliban isə qərarı dərhal “əsassız ritorika” adlandıraraq rədd edib, BCM-nin səlahiyyətini tanımadığını bildirib və məhkəməni Qəzza zolağında “hər gün yüzlərlə qadın və uşağın öldürülməsi qarşısında susmaqda” ittiham edib.
2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Taliban qadınlara təhsil və işləməkdən tutmuş kişi həkimlərdən tibbi yardım almağa qədər bir sıra məhdudiyyətlər qoyub.
UNESCO-nun məlumatına görə, Əfqanıstanda 1,4 milyondan çox qız uşağı təhsildən məhrumdur və bu, bütün bir nəslin gələcəyini riskə atır.