“The Financial Times” yazır ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlayandan bəri Avropa hərbi-sənaye kompleksi müəssisələrinin genişlənmə tempi üç dəfə artıb.
Nəşr 37 şirkətə məxsus 150-dən çox hərbi-sənaye obyektini araşdırıb. Jurnalistlər mindən çox peyk şəklini təhlil ediblər. Görüntülərin təxminən üçdə birində davam edən tikinti işlərini göstərən dəyişikliklər əks olunub.
Bildirilib ki, bu müəssisələrin sahəsi 7 milyon kvadratmetr artıb. Əgər 2021-ci ildə 0.79 kvadratkilometr sahədə iş aparılırdısa, 2024-cü ilin yazında tikinti sahəsi 3.02 kvadratkilometr, bu ilin yazında isə 2.8 kvadratkilometrə çatıb.
Son üç ildə hərbi-sənaye kompleksində ən böyük layihələrindən biri Almaniyanın “Rheinmetall” şirkəti ilə Macarıstanın 7 nömrəli dövlət müdafiə holdinqinin birgə layihəsi olub. Bu layihə çərçivəsində “Rheinmetall”ın “KF41 Lynx” piyada döyüş maşını üçün 30 mm-lik sursat istehsal olunur, gələcəkdə “Leopard” və “Panther2” tankları və digər silah növləri üçün sursatın istehsalı planlaşdırılır.
Təhlil edilmiş 150 hərbi-sənaye obyektinin 88-i Avropa İttifaqının 500 milyon avro ayırmağı nəzərdə tutduğu silah istehsalına dəstək proqramı çərçivəsində maliyyələşdirilir.
Avropada yenidən silahlanmanın olduğunu qeyd edən “The Financial Times” sülh dövrünə xas istehsaldan daha dayanıqlı müharibə aparılması üçün sənaye bazasının yaradılmasına doğru keçidi vurğulayır.