Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Akademiyada “Əbədiyaşar lider” mövzusunda konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda konfrans keçirilib.

Konfransda Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycanın dünya birliyində layiqli yer tutmasında müstəsna xidmətlərindən danışıb.

Bildirib ki, ulu öndərimiz parlaq zəkası, üstün idarəçilik qabiliyyəti, uzaqgörənliyi və yüksək liderlik məziyyətləri ilə dünya siyasət tarixində seçilən dövlət xadimidir. Azərbaycana rəhbərliyinin hər iki dövrü, eləcə də fəaliyyətinin Moskva dövrü gələcəyə yönəlmiş çoxsaylı addımların atılması ilə əlamətdardır. Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi bütün həyatını ölkənin gələcək inkişafına, xalqın rifahına həsr edib.

Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salan bölmə rəhbəri bildirib ki, Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının davamlı inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir. Dahi öndərin əbədiyaşar ideyaları bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bütün sahələrdə həyata keçirilən uğurlu islahatlar müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunu artırır.

Akademik qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti 2023-cü ili Azərbaycan Respublikasında “Heydər Əliyev ili” elan edib. Bu sərəncam dahi şəxsiyyətin dünya tarixindəki yeri və mövqeyinə, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinə dövlət səviyyəsində göstərilən yüksək münasibətin, verilmiş böyük qiymətin ifadəsidir.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə bütün həyatını xalqına həsr edən ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin davamlı inkişafa və xalqımızın əsl rifaha qovuşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində atdığı cəsarətli tarixi addımlardan, elm və mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edilib

AMEA-nın müxbir üzvləri, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru Əbülfəz Quliyev və Təbii Ehtiyatlar İnstitutunun baş direktoru Tofiq Əliyev çıxış ediblər. Məruzəçilər qeyd ediblər ki, bu gün ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətdəki uğurlar, həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

admin

Related Posts