Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

AMEA-nın Naxçıvan Bölməsində 2022-ci ilin yekunları müzakirə olunub

AMEA Naxçıvan Bölməsinin 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub.

Əvvəlcə bölmə əməkdaşlarının 2022-ci ildə nəşr olunan əsərlərindən ibarət sərgiyə baxış olub.

Daha sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyul 2022-ci ildə ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı müvafiq Fərmana əsasən AMEA-nın, eləcə də Naxçıvan Bölməsinin strukturunda olan dəyişiklikləri dinləyicilərin diqqətinə çatdırıb, iclas iştirakçılarına uğurlar arzulayıb.

Bölmənin 2022-ci ildəki fəaliyyəti, yerinə yetirilən elmi və elmi-təşkilati işlər barədə məlumat verən AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov qeyd edib ki, il ərzində əməkdaşların 12 monoqrafiyası, 24 kitabı, 2 metodik vəsaiti, 402 elmi məqaləsi, 183 konfrans materialı, 3 tezisi olmaqla, ümumilikdə 626 elmi əsəri çap olunub, 1 xəritə və 1 buklet tərtib edilib, 141 əsər xaricdə çap olunub, 40 məqalə impakt faktorlu elmi nəşrlərdə dərc edilib. Məqalələrin 328-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda nəşr olunub ki, onlardan 69-u xaricdə çap edilmiş əsərlərdir. Hesabat dövründə əməkdaşların əsərlərinə 969 istinad qeydə alınıb.

Həmçinin AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının hər birinin 4 nömrəsi, “Taleyi və sənəti” seriyasından 2 kitab çapdan çıxıb, bölmə əməkdaşlarının 273 qəzet məqaləsi işıq üzü görüb. YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair layihə və 2 beynəlxalq qrant layihə icra edilib, bölmə əməkdaşları xaricdə və ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə çıxış ediblər.

Hesabat dövründə Bölmədə 1 beynəlxalq, 7 muxtar respublika səviyyəli, 15 bölmə səviyyəli konfrans və tədbir, habelə kitab müzakirələri və digər tədbirlər keçirilib.

Yaradılmasının 20 illik yubileyi ilə əlaqədar AMEA-nın Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib.

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyəti üzvlərindən AMEA-nın həqiqi üzvü Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək təqdim olunan hesabatın qəbul olunmasını təklif ediblər.

İclasın sonunda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov 2022-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif ediliblər.

admin

Related Posts