Tramp administrasiyası Aİ və Böyük Britaniya mallarına rüsumları artırarsa, Brüssel və London cavab addımları atmağa hazırdır.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşrin məlumatına görə, Brüssel və London mümkün “ticarət müharibəsi” vəziyyəti üçün bir sıra tədbirlər hazırlayıblar.
Avropa və Britaniya rəsmiləri ümid edirlər ki, Trampı rüsumları artırmamağa inandıra biləcəklər. Eyni zamanda, onlar ABŞ mallarına yeni rüsumların tətbiqi də daxil, bir sıra cavab tədbirləri planlaşdırırlar.
İnauqurasiya günü – yanvarın 20-də Tramp demişdi ki, idxal məhsullarına tarifləri tənzimləmək üçün Xarici Gəlir Xidməti yaratmaq istəyir. O həmçinin qeyd etmişdi ki, Kanada və Meksikadan daxil olan mallarla bağlı rüsumları artırmaq və Çin mallarına əlavə rüsumlar tətbiq etmək niyyətindədir.
Bundan başqa, Tramp bildirmişdi ki, Aİ ölkələri ABŞ-dan neft və qaz idxalını artırmasalar, onlara da yeni rüsumlar tətbiq edə bilər.