Today Çərşənbə axşamı, 17th İyun 2025
Birinci 24

Birinci 24

Türkiyədə Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa çıxıb

Türkiyədə Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa çıxıb

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ilk məhkəməsi isə vəkilsiz keçirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Türkiyənin müxalifyönlü Zəfər Partiyasının sədri Ümit Özdağ 148 günlük həbsindən sonra məhkəmə zalından azadlığa buraxılıb.

Özdağ 2025-ci il yanvarın 19-da Antalyada partiyasının toplantısında Prezident Rəcəb Tayyib Ərdoğan haqqında tənqidi ifadələr səsləndirmişdi.

“Heç bir səlib yürüşü türk millətini deistə, ateistə, xristiana çevirə bilmədi. Ərdoğanın hakimiyyəti dövründə türk millətinin böyük bir təbəqəsi onları Allahla aldadanların ucbatından öz dinlərinə maraqlarını itirdi. Ölkədə Ərdoğanın hakimiyyəti dövründə deist və ateistlərin sayı 16 faizi keçib. Ərdoğan dövləti dini təriqətlər və icmaları bölməklə, müşrikləri dövlətə ortaq etməklə, milyonlarla qaçqını və qaçağı Anadoluya gətirməklə, türk millətinin mədəniyyətini məhv etməklə türk millətinin inancına xələl gətirir. Əslində, baş verənlər AKP faşizmidir”, – Ümid Özdağ bildirmişdi.

O, çıxışından bir gün sonra, yanvarın 21-də “Prezidenti təhqir etmək” ittihamı ilə saxlanılmışdı.

Daha sonra ona qarşı sosial şəbəkələrdə “İctimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək” ittihamı irəli sürülərək barəsində həbs qərarı çıxarılmışdı.

“Prezidenti təhqir etmək” və “İctimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək” ittihamları ilə açılan cinayət işləri fevralın 17-də bir-birindən ayrılıb.

“İctimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə aparılan işin ilk məhkəməsi aprelin 29-da keçirilib.

İyulun 17-də Silivridəki Mərmərə Həbsxanasının məhkəmə zalında keçirilən ikinci iclasda bir sıra siyasi partiya təmsilçiləri, vəkillər və vətəndaşlar iştirak ediblər.

Həbsxana nəzarətçilərinin müşayiəti ilə, dövlət himninin sədaları altında məhkəmə zalına gətirilən Ümit Özdağ alqışlarla qarşılanıb.

Özdağ məhkəmədə deyib ki, barəsindəki sübutlar saxta və əsassızdır, sosial şəbəkələrdəki paylaşımlar ona aid deyil. O, başqalarının əməli üçün məsul tutulmasının hüquqazidd olduğunu bildirib və prokurorluğu tənqid edib.

Özdağ həbsini siyasi məqsədli olduğunu bildirib.

Siyasətçi həmçinin sosial şəbəkə üzərindən yazılanlara görə həbsləri qınayıb.

“Mən hüquq, ədalət, insanlıq adına çox qəzəblənirəm. Buna görə bütün Türkiyəni həbs edəcəksiniz?”, – Özdağ deyib.

Özdağın müdafiəsindən sonra məhkəmə ona 2 il 4 ay həbs cəzası verib. Lakin onun həbsdə keçirdiyi müddət nəzərə alınaraq azadlığa buraxılmasına qərar verilib.

Bir gün öncə, iyulun 16-da Silivridəki Mərmərə Həbsxanasının məhkəmə zalında həm də İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ilk məhkəməsi keçirilib.

İmamoğlu məhkəmə zalında qısa müddət görünüb və tərəfdarlarına əl yelləyib. Onun məhkəmədə qısa müddət görünməsinin səbəbi vəkillərinin prosesdə iştirak etməməsi olub.

Vəkillər bunu prosedur pozuntularının və hüquqi əsasların zəif olması ilə izah ediblər.

Bundan sonra növbəti məhkəmə iclası iyulun 16-na təyin edib.

Əkrəm İmamoğlunu məhkəmədə dəstəkləmək üçün Türkiyənin müxtəlif vilayətlərindən vətəndaşlar gəlib. Onlar bildiriblər ki, məqsəd tək İmamoğlu deyil, ölkəyə sahib çıxmaqdır.

Əkrəm İmamoğlu 2025-ci il yanvarın 20-də İstanbul Baş Prokuroru Akın Gürleki Cümhuriyyət Xalq Partiyasının (CHP) Gənclik Qolunun sədri Cem Aydının həbsinə görə tənqid edib.

Bundan sonra, fevralın 5-də İstanbul Baş Prokurorluğu tərəfindən ona qarşı iddianamə hazırlanıb. İttiham aktında “zərərçəkmiş” kimi baş prokuror Akın Gürlek göstərilib. Prokurorluq həmçinin Əkrəm İmamoğlunun siyasi fəaliyyətinin yasaqlanması tələbə ilə də çıxış edib.

Martın 19-da İmamoğlu İstanbulda keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində həbs olunub.

O, korrupsiya və Kürdüstan Fəhlə Partiyasına (PKK) yardım ittihamları ilə birlikdə 106 nəfərlə birgə saxlanılıb. Əməliyyatın ardınca, martın 23-də məhkəmə İmamoğlunu korrupsiya ittihamı ilə həbs edib, PKK ilə əlaqə ittihamı üzrə təqsirsizlik qərarı verib.

İyulun 16-da keçirilən ilk məhkəmə İstanbul Baş Prokuroru Akın Gürlekə qarşı “təhdid və ictimai vəzifəli şəxsə təhqir” ittihamı ilə ilə əlaqədar olub.

2025-ci ilin əvvəlindən etibarən Türkiyədə müxalif siyasətçilərə qarşı həbslər artıb.

Bu dövr ərzində ən azı 20 müxalif siyasətçi müxtəlif ittihamlarla həbs olunub.

Onların arasında yerli bələdiyyə başçıları, partiya üzvləri və hüquq müdafiəçiləri də var.

Editor

Related Posts