Tovuzda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.
Hadisə dünən baş verib. Məlumata görə, hadisə Tovuz şəhəri, Mirzə Ələkbər Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.
Qida Təhlükəsizliyi Agentliyinin ictimai iaşə müəssisəsində yoxlanış aparandan sonra dönərxananın fəaliyyətini dayandırdığı bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu gün məlumat yayaraq 16-sı kişi, 19-u qadın olmaqla ümumilikdə 35 nəfərin zəhərləndiyini bildirib.
Onların hər birinə zəruri tibbi xidmət göstərildiyi bildirilir. Məlumatda deyilir ki, vəziyyətləri normal qiymətləndirilən şəxslər evə buraxılıblar.
Azərbaycanda dönərdən zəhərlənmə hadisələri vaxtaşırı baş verir.
İyunun 19-da Naxçıvanda yerləşən dönərxanada 17 nəfər qidadan zəhərlənmişdi.
Mütəxəssislər deyirlər ki, dönərdən zəhərlənmənin qarşısını almaq üçün istifadə edilən məhsullar keyfiyyətli olmalı, sanitar-gigiyenik qaydalara riayət edilməlidir. Üstəlik, dönərin qazda deyil, köz və ya kömürdə bişirilməsi tövsiyə olunur.