Today Cümə axşamı, 26th İyun 2025
Birinci 24

Birinci 24

Ekspert: Azərbaycan daxili istehlaka qənaət edərək, qazı Avropaya satacaq

Ekspert: Azərbaycan daxili istehlaka qənaət edərək, qazı Avropaya satacaq

Azərbaycanda çoxmərtəbəli binalarda qaz təchizatının dayandırılması planlaşdırılır.

“İstilik təchizatı haqqında” yeni qanun layihəsinə əsasən, bu tip binalara təbii qaz verilişinin dayandırılması və istilik sistemlərinin yenidən qurulması gözlənilir. Nazir müavini Elnur Soltanov Milli Məclisdə bu istiqamətdə keçirilən ictimai dinləmələrdə bildirib ki, yeni qanunla qazdan istifadə edilməyəcək, bununla da çoxmərtəbəli binalarda daha təhlükəsiz mühit yaranacaq.

Lakin bu addımın əlavə maliyyə xərclərinə səbəb olacağı qeyd olunur. Vətəndaşlar elektrik enerjisindən daha çox istifadə etmək məcburiyyətində qalacaq. “Azərenerji”nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev bildirib ki, istilik enerjisinin real maya dəyəri 42,5 manat olduğu halda, bu enerji 3 manata satılır.  O, istilik enerjisi təminatının mövcud tariflərlə davam etməsinin qeyri-real olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bugünlərdə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında deyib ki, daxili istehlakın azaldılması hesabına əldə olunan qaz dünya bazarlarında daha sərfəli qiymətə satılacaq.

“Enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır”, – İlham Əliyev çıxışında deyib.

Ekspertlərin fikrincə, neft və qazdan gələn gəlirlər azaldıqca, büdcə boşalır. Təbii qazı xalqa münasib qiymətə satmaq isə sərf etmir. Buna görə də, hökumət ölkədə təbii qazın istifadəsini azaldacaq, əvəzində isə “qənaət edilən” həmin qazı Avropaya daha baha qiymətə satacaq. Əvəzində isə, vətəndaşlar daha baha başa gələcək elektrik enerjisindən istifadə etməli olacaq. Bu isə insanların sosial durumuna mənfi təsir göstərəcək.

İqtisadçı Natiq Cəfərli deyir ki, “İstilik təchizatı haqqında” yeni qanun qüvvəyə mindiyi təqdirdə, əhaliyə elektrik enerjisinin verilməsində ciddi güzəştlər olunmalıdır:

Natiq Cəfərli

“Elektrik enerjisinə keçid istehlakçı üçün çox ağır nəticələrə səbəb ola bilər. Onun pulunu vermək çətin olar. Hesab edirəm ki, bununla bağlı güzəştlər tətbiq olunacaq”.

İqtisadçı deyir ki, hökumətin qaza qənaət edərək, Aİ-yə satması da anlaşılandır:

“Çünki bununla bağlı öhdəliklər götürülüb. Azərbaycan 2027-ci ilə qədər qazı 20 milyard kubmetrə çatdırmalıdır. Daxildə qaz istehsalı gözlənilən sürətlə artmır. Ona görə də harda mümkündürsə orada qənaət edib, öhdəlikləri yerinə yetirmək üçün artıq qalan qazın Avropaya satılmasına qərar verilib”.

Editor

Related Posts