“Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan ölkədir. Biz gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq”.
Birinci24 informasiya agentliyi TRT-yə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Türkiyə diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və daha əsaslı şəkildə həll olunacağına inanır.
“Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq. Ən böyük arzumuz odur ki, baş verən xoşagəlməz hadisələr Rusiya ilə Azərbaycan arasında münasibətlərə bərpaolunmaz ziyan vurmasın. Lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür”, – Ərdoğan qeyd edib.
Türkiyə lideri bu məsələni Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini də bildirib:
“İlham Əliyev çox diqqətli və tədbirli addımlar atır. O, bu məsələni gərginləşdirməyin tərəfdarı deyil”.