Today Şənbə, 12th İyul 2025
Birinci 24

Birinci 24

Ordubadda yaylaqçılarla maarifləndirici görüş keçirilib

Ordubadda yaylaqçılarla maarifləndirici görüş keçirilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, “Yay otlaqlarından düzgün istifadə – təbiətin və təsərrüfatın davamlılığı naminə” mövzusunda Ordubad rayonunun Əyriçay yaylağı ərazisində fermerlərlə maarifləndirici görüş keçirilib. Görüş Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunub.

Görüşdə Nazirliyin rəhbərliyi və əməkdaşları iştirak ediblər. Yaylaqçılarla otlaq sahələrindən düzgün və səmərəli istifadə, onların idarə olunması, ətraf mühitin qorunması, eləcə də mövsümi risklər barədə ətraflı söhbətlər aparılıb. Fermerlərə bu mövzularda maarifləndirici bukletlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev görüş zamanı yaylaqçılarla səmimi söhbətlər aparıb, təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinlikləri və mövcud problemləri yerində dinləyib. Problemli məsələlərlə bağlı səsləndirilən fikirlər diqqətlə qeydə alınıb və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Nazir bildirib ki, bu cür görüşlərin üstünlüklərindən biri də fermerlərlə birbaşa ünsiyyət qurmaq, mövcud ehtiyac və təklifləri yerində öyrənməkdir ki, bu da qarşılıqlı fəaliyyətə öz müsbət təsirini göstərir.

Qeyd edək ki, maarifləndirici görüşün əsas məqsədi yay otlaq sahələrinin ekoloji tarazlığa uyğun idarə olunması, təbii resursların qorunması və təsərrüfat fəaliyyətinin davamlılığına dair yaylaq istifadəçilərinin məlumatlandırılmasıdır.

Maarifləndirici tədbirlərin muxtar respublika ərazisində yerləşən bütün yaylaq sahələrində keçirilməsi nəzərdə tutulur.

Editor

Related Posts