Today Şənbə, 12th İyul 2025
Birinci 24

Birinci 24

Siyasi məhbusdan xalqına çağırış: “Susmaq – daha 30 il özünü aldatmaqdır”

Siyasi məhbusdan xalqına çağırış: “Susmaq – daha 30 il özünü aldatmaqdır”

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından ictimaiyyətə müraciət edib. Həbsxanadan ünvanladığı çağırışda o, repressiyalara baxmayaraq gənc siyasətçilərin təslim olmadığını, azadlıq uğrunda mübarizənin davam etdiyini bildirib.

Ruslan İzzətli məktubunda Sovet dönəminə aid məşhur bir hekayə ilə çıxışına başlayır:

“Bir adam bir gün Qırmızı Meydanda bildiriş paylayırmış. Polis şəxsi saxlayır və kağızlara baxır – onlar boş imiş. Polis təəccüblə soruşur: ‘Nə yayırsan, bu kağızlar boşdur!’ Adam isə cavab verir: ‘Nə yazım ki? Onsuz da hər kəs hər şeyi bilir.’”

Bu paralellə İzzətli öz həbsi ilə bağlı heç nə yazmağa ehtiyac olmadığını deyir. Onun sözlərinə görə, həbsinin səbəbləri artıq cəmiyyətin aktiv təbəqəsinə aydındır.

“Amma bu aydınlıq sizdə ümidsizlik yaratmasın. Bəlkə məğlub görünürük. Amma əsas odur ki, gəncliyini 4 kvadratlıq həbsxana hücrəsinə məhkum edən yeni nəsil siyasətçilər təslim olmur.”

Məktubunda Mahatma Qandinin “Tək başıma qalsam belə gülümsəməyə davam etməliyəm” sözlərinə istinad edən İzzətli, ictimaiyyəti susmamağa və dəyişimə ortaq olmağa çağırır:

“Bugün əlində ağıllı telefon varsa, sosial şəbəkədə aktivsənsə, sənin haqqını müdafiə edən, azadlığın üçün gəncliyini fəda edən respublikaçıların səsi ola bilərsən… Kiçik bir yazın, bir xoş sözün, bir məktubun – səni seyirçidən iştirakçıya çevirə bilər.”

O, Azərbaycanın son 30 ildə bir neçə dəfə repressiya dalğası yaşadığını xatırladır və bunu hakimiyyətin davamlı siyasi taktikasına bağlayır. İzzətlinin fikrincə, dəyişiklik yalnız xalqın öz içindən başlaya bilər:

“Çıxış yolu Qərb dəstəyində, mühacirətdə deyil. Çıxış yolu burda – ‘yetər artıq!’ deməkdədir.”

Çağırışını Aristotelin “Vərdişlərinizi dəyişsəniz, taleyinizi dəyişərsiniz” fikri ilə tamamlayan İzzətli, cəmiyyəti birlikdə addım atmağa səsləyir:

“Hər şey sənin addımından asılıdır. Sevgi və həqiqət qalib gələcək!”

Editor

Related Posts