İqtisadçı Natiq Cəfərli atasının dəfn və yas mərasimləri ilə bağlı Gürcüstana səfər etdiyini və ötən gün ölkəyə qayıtdığını bildirib. O, bu səfərini yalnız təyyarə ilə reallaşdıra bildiyini qeyd edərək, Azərbaycan vətəndaşlarının hələ də quru sərhəddən ölkəyə buraxılmamasına sərt reaksiya verib.
“Xarici vətəndaşlar quru yolla ölkədən sərbəst çıxa bilirlər, bu məlumdur. Yaxşı, Azərbaycan öz vətəndaşını niyə ölkəyə buraxmır? Bu nə məntiqdir, bunun ‘təhlükəsizliklə’ nə əlaqəsi var?!”
Cəfərli, vətəndaşların hələ də yalnız hava nəqliyyatı ilə ölkəyə dönə bilməsinin izaholunmaz olduğunu deyib. O, Azərbaycan vətəndaşının Gürcüstana gedib 2-3 günlük şəxsi işlərini həll etdikdən sonra ölkəyə qayıtmaq üçün mütləq təyyarə ilə gəlməsinin məntiqsiz olduğunu vurğulayıb:
“Dünyada hansı ölkə, dövlət, qapısına qədər gəlmiş öz vətəndaşını vətəninə buraxmır – belə bir örnək varmı?!”
İqtisadçı təyyarə biletlərinin çatışmazlığına və vətəndaşların üzləşdiyi çətinliklərə də diqqət çəkib. Onun sözlərinə görə, yas mərasiminə gəlmək istəyən qohumu birbaşa Tbilisi-Bakı reysi üçün bilet tapmadığı üçün Antalya üzərindən uçmağa məcbur olub.
Bundan əlavə, Cəfərli Qazax bölgəsində yaşayan digər yaxın qohumunun da yasa qatılmaq istədiyini, lakin absurd səyahət şərtləri səbəbilə onu bu fikirdən daşındırdığını deyib:
“Qazaxın kəndindən Gürcüstandakı bizim kəndə məsafə cəmi 80 kilometrdir, quru yolla 1 saata gəlmək mümkündür. Amma bu insan yasa gəlmək üçün Qazaxdan Bakıya gəlməli, oradan təyyarə ilə uçmalı, hava limanından 1 saata yas yerinə çatmalı idi. Geri dönüş də eyni dərəcədə əziyyətlidir. Bu, nə qədər məntiqlidir?!”
Qeyd edək ki, Azərbaycan 2020-ci ilin martında COVID-19 pandemiyası səbəbilə quru sərhədlərini bağlayıb. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq 2023-cü ildə pandemiyanın başa çatdığını rəsmi şəkildə elan edib. Buna baxmayaraq, ölkənin quru sərhədləri hələ də bağlıdır və bu, ictimaiyyətdə narazılıqlara səbəb olmaqdadır.