Aİ Gürcüstana vizasız rejimin dayandırılması ilə bağlı məktub göndərəcək
Avropa İttifaqı (Aİ) Gürcüstan hökumətinə Şengen zonası ölkələrinə vizasız gediş rejimi ilə bağlı məktub göndərəcək.
Bunu iyulun 15-də Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
O bildirib ki, məktubda Gürcüstanın “müəyyən şərtləri” yerinə yetirməsi üçün tarix qoyulacaq və həmin tarixə qədər şərtlərə əməl edilməzsə, vizasız rejim ləğv olunacaq.
Kallas, həmçinin, bildirib ki, Gürcüstanda dinc etirazçılara qarşı “həddindən artıq ağır” cəzalar verilməsi ilə əlaqədar olaraq, iki hakimi də əhatə edən yeni sanksiyalar paketi açıqlanacaq.
O etiraf edib ki, əlavə sanksiyaların qəbul edilməsi çətindir, çünki bu, üzv dövlətlərin yekdil razılığını tələb edir.
2023-cü ildə Gürcüstanın Aİ-yə namizəd statusu əldə etməsindən sonra Tbilisi ilə Brüssel arasında münasibətlər kəskin şəkildə pisləşib. Bu, hakim “Gürcü Arzusu” partiyasının ölkənin demokratik institutlarını zəiflətmək kimi qiymətləndirilən müxtəlif addımları ilə əlaqələndirilir.