Today Cümə, 18th İyul 2025
Birinci 24

Birinci 24

Məhkəmə 28 gündür aclıq edən Hacı Vəliyevi ev dustaqlığına buraxmayıb

Məhkəmə 28 gündür aclıq edən Hacı Vəliyevi ev dustaqlığına buraxmayıb

İyulun 18-də Xətai Rayon Məhkəməsində ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə verilmiş vəsatətə baxılıb. 

Vəliyevin yaxınlarının yaydığı xəbərə görə, məhkəmə vəsatəti təmin etməyib.

Məlumatda ailəsi və yaxınlarının 28 gündür aclıq edən Vəliyevin səhhətindən ciddi şəkildə narahat olduqları qeyd olunub. 

Onların sözlərinə görə, artıq uzun müddətdir aclıq aksiyası keçirən qazinin səhhəti sürətlə pisləşir.

“Aidiyyatı qurumlar məsuliyyətli davranmalı, Qazi Hacı Vəliyevin həyat və sağlamlığına laqeyd yanaşmamalıdır”, – bəyanatda qeyd olunub. 

Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyin, habelə qalan gözünü itirmək təhlükəsi ilə üz-üzə olduğunu bildirmişdilər. 
Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 
Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, “ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə” görə həbs olunub.

Editor

Related Posts