İsrail əsgərləri Qəzzada ərzaq yardımı üçün toplaşan insanlara atəş açıblar.
Birinci24 informasiya agentliyi CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 32 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, ölənlərin cəsədləri və yaralılar Nasser Tibb Kompleksinə aparılıb.
Hadisənin dəqiq başvermə yeri hələlik məlum olmasa da, şahidlərdən biri olan Hişam Darğam atəşin İsrail və ABŞ-nin dəstəklədiyi Qəzza Humanitar Fondu tərəfindən idarə olunan ərzaq paylama məntəqəsindən təxminən 4 kilometr aralıda baş verdiyini deyib.
İsrail Müdafiə Qüvvələri (IDF) isə əsgərlərin yalnız “xəbərdarlıq atəşi” açdıqlarını bildirərək, hadisə ilə bağlı yayılan məlumatların araşdırıldığını açıqlayıb. IDF şənbə günü verdiyi bəyanatda bildirib ki, onların məlumatına görə, yardım paylama məntəqəsində və ya yaxınlığında heç bir insident baş verməyib.
Qeyd edək ki, Qəzzada humanitar böhran getdikcə dərinləşir. Əhalinin ərzaq və tibbi yardıma ehtiyacı kritik həddə çatıb.