Çexiya Prezidenti Petr Pavel iyulun 17-də kommunizm təbliğatını cinayət kimi tanıyan qanunu imzalayıb.
Qanun “insan hüquq və azadlıqlarını açıq şəkildə boğmağa və ya irqi, etnik, milli, dini və ya sinfi ədavəti qızışdırmağa yönəlmiş nasist, kommunist və ya digər hərəkatları yaratmaq, dəstəkləmək və ya təbliğ etmək” halları üçün beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Qanunun Çexiyada kommunizm ideyaları ilə çıxış edən siyasi partiyalara necə şamil edəcəyi hələ ki aydın deyil.
Çexiyada fəaliyyət göstərən Bohemia və Moravia Kommunist Partiyası qanunu qınayıb, onu “rejimin tənqidçilərini qorxutmaq üçün növbəti uğursuz cəhd” adlandırıb.
Partiya parlamentdə yer almasa da, sorğulara əsasən xalq arasında 5%-ə qədər dəstəyi var.